-
- 18-10-2024, 06:00
- 671
Bakıda 20 yaşlı oğlan sevgilisini belə qətlə yetirdi: "Gəl qucaqlaşaq, ayrılaq..."
Bakıda sevgilisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib.
İttihama görə, bu il aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. O, həmçinin hadisə yerində olan Elnarənin rəfiqəsi Qızqayıt Məmmədliyə də bıçaqla xəsarət yetirib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Bundan əvvəlki iclasda təqsirləndirilən Səbuhi Qürbətov ifadə verib. O bildirib ki, Elnarə Cabbarova ilə qeyri-rəsmi nikahda yaşayıblar. Qeyd edib ki, Elnarə rəfiqəsi Qızqayıtla birgə Nərimanovda işlədiyi restorandan çıxıb və kirayə qaldıqları Həzi Aslanovdakı evə gediblər:
"Bizim əvvəl sevgi münasibətimiz olub, lakin hadisə günü küsülü idik. O, evə gedərkən telefonla mübahisə edirdik, mənə təhqir etməyə başladı. Buna səbəb birlikdə yaşadığımız vaxtda evimdə olan paltarlarını küçəyə atmağım olmuşdu. Buna dözə bilməyib evlərinin önünə gəldim. Elnarə təhqirlərinə davam etdi. Onu qucaqladım, daha sonra bıçaqladım. Elnarəni öldürmək niyyətim olmayıb. Digər xanıma da zərər vermək istəmirdim. Əməlimdən peşmanam".
Təqsirləndirlilən şəxs deyib ki, bıçağı hər zaman yanında olurmuş: "Onu bıçaqlamaq istəmirdim. Düzdür, məni daha öncə də təhqir etmişdi. Amma qadın olduğu üçün keçirdim. Kişi kimi görnəzdən gəlirdim. Onu öldürmək istəmirdim".
Məhkəmədə zərərçəkmiş Elnarə Cabbarovanın hüquqi varisi qismində anası Şəfiqə Cabbarova ifadə verib. O, təqsirləndiriləndən şikayətçi olduğunu deyib. Bildirib ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən hədə-qorxular alır: "Mənim ərdə olan qızım var, qızıma hədə-qorxu gəlirlər. Bizə hücum edirlər. Günahkar ola-ola qohumları əməllərindın əl çəkmirlər. Qızıma 18 bıçaq zərbəsi vurublar. Bundan mənim xəbərim olmayıb. Səbuhinin atası evimə gəlib, bizə köməklik edib. Qızıma bu qədər zərbə vurmasını əvvəlcədən bilsəydim, onu bağışlamazdım. Buna görə də barışmıram, ona qarşı şikayətçiyəm".
Hüquqi varis qeyd edib ki, əvvəlllər Səbuhi Qürbətovu tanıyıb: "Mən onlara getmişəm. Qızımla Səbuhinin birlikdə yaşamasının şahidi olmuşam. Həmin vaxt qızımla yaxşı davranırdı. Sonradan Səbuhi mənə zəng etdi, qızımın ondan ayrılmaq istədiyini dedi. Mən də qızıma dedim ki, ayrılın.
Qızım mənə dedi ki, Səbuhi həminki deyil, çox dəyişib. Buna görə onunla yaşaya bilməyəcəyini dedi. Amma mən onların dava-dalaşlarının şahidi olmamışam".
Mərhumun anası deyib ki, Elnarənin Səbuhini təhqir etməsi barədə dedikləri yalandır.
Hüquqi varisin sözlərinə görə, təqsirləndirilən şəxsin atası qızının cümə ehsanlarına - üçündə 300 manat, 40 mərasimi üçün 500 manat, başdaşı xərci üçün isə 1500 manat verib.
O deyib ki, bunlara baxmayaraq Səbuhi Qüdrətovu bağışlamır.
İç üzrə zərərçəkmiş Qızqayıt Məmmədli bildirib ki, mərhum Elnarə ilə bir yerdə Nərimanov rayonunda restoranda işləyib. Hadisədən əvvəl Elnarə ilə işdən çıxıblar, onları Səbuhi qarşılayıb:
"Birlikdə metro ilə evə getdik. Evə çatanda Səbuhi ilə Elnarə söhbət etdilər. Elnarə dedi ki, get, düzələndə gələrsən. Səbuhi də dedi ki, gəl qucaqlaşaq, ayrılıq. Mən onların sağollaşdıqlarını başa düşdüm, öz evimə getmək istədim.
Bu zaman Elnarənin səsi gəldi, geriyə baxanda Səbuhinin Elnarəni bıçaqla vurduğunu başa düşdüm. Araya girərək onların ayırmaq istədim, bu zaman mənə də iki bıçaq zərbəsi atdı. Zərbələrdən biri qoluma dəydi. Səbuhidən şikayətçiyəm".
Qızqayıt Məmmədli əlavə edib ki, o, Elnarə ilə eyni restoranda işləyən zaman Səbuhi ora gəlib:
"Dedi ki, cibimdə 10 min manat var, 1000 manatlıq hesab verəcəm. Amma mənim oturduğum stola Elnarə qulluq etsin. Həmin vaxt Elnarənin Səbuhi ilə mübahisəli olduğunu bilirdilər, buna görə də adminstrator Elnarəni həmin stola qulluq etməyə qoymadı. Stola mən qulluq göstərdim.
Səbuhi əvvəllər Elnarəni hədələyib öldürəcəyini bildirirdi. Bunu adminstrator da bilirdi. Hadisə baş verməsin deyə adminstrator Elnarənin işdə olmadığını dedi".
Səbuhi Qüdrətov zərərçəkmişin yalan danışdığını deyib. Amma yalanların nədən ibarət olduğunu qeyd etməyib.
Daha sonra prosesdə cinayət işində olan sənədlər tədqiq olunub. Çıxış edən dövlət ittihamçısı Səbuhi Qüdrətovun əməlinin sübuta yetirildiyini deyib. O, təqsirləndirilən şəxsin 19 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs çıxış ediblər, prokurorun çıxışı ilə razı olduqlarını deyiblər.
Təqsirləndirlilən şəxsin vəkili müdafiə çıxış edib. O, müvəkkilin barəsində olan cəzasının yüngülləşdirilməsi istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Bildirib ki, 20 yaşı var, əməlindən peşmandır, hadisə zamanı özündə olmayıb. O, yaşının nəzərə alınmasını istəyib.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən sonra hökm elan edilib. Səbuhi Qüdrətov 18 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.