-
- 21-10-2024, 12:09
- 200
Nuri Şahin Sergen Yalçını 13 yaşlı oğlunun sözləri ilə "bitirdi"
Türkiyəli məşqçi Sergen Yalçınla həmkarı Nuri Şahin arasında söz atışması baş verib.
News24.az qol.az-a istinadən xəbər verir ki, bu günlərdə Sergen Yalçın Nuri Şahin barədə deyib:
"Borussiya" Dortmundda baş məşqçi olmaq bu qədər asandırmı? "Antalyaspor"da iki mövsüm çalış, heç bir uğurun olmasın, sonra Dortmunda baş məşqçi təyin edil. Bu, necə ola bilər? Baş məşqçilikdə bir yerə gəlmək üçün bəzi uğurların olmamalıdırmı? Mən 10 il Anadoluda işlədim və hamısında uğurlu oldum. Sonra "Beşiktaş"a gələndə belə mənim üçün "uğursuzdur" dedilər".
Nuri Şahin isə "Maçkolik" media qurumuna müsahibəsində bununla bağlı suala belə cavab verib:
"Bu fikirləri dinləyəndə güldüm. Yalan deyil, sadəcə, komikdir. Bu mövzulara girmək mənə yaraşmaz. Bir tərəfdən çox güldüm. Çünki verilişlər ona görə hazırlanır. Reytinq olsun, danışılsın..."
37 yaşlı mütəxəssis həmçinin bildirib: "Bu mövzuda danışmaq mənim həyat fəlsəfəmə, mənim dəyərlərimə yanlış bir şeydir. Mən heç vaxt çıxıb bir məşqçini və ya bir oyunçunu tənqid etmərəm. "Səfərdə niyə 3 xal qazanmadın". Bundan danışaq. "Çempionlar Liqasında rekord qırdın. Komandanı oyuna necə hazırladın". "Gənc yaşında Dortmundun baş məşqçisi oldun". Gəlin, bunları danışaq.
O, Farioli (bir zamanlar Türkiyədə də işləmiş "Ayaks"ın hazırkı baş məşqçisi - red.) haqqında da danışıb. Mən buna cəsarət edə bilmərəm, etmərəm də. Çünki adamın etdikləri ortadadır. Dortmund kimi bir klubun məni hansı kriteriyalara görə məşqçi seçdiyini öyrənmək istəyirsə, burada xeyli departament var, onlarla danışa bilər".
N.Şahin Sergen Yalçına həmçinin 13 yaşlı oğlunun sözləri ilə cavab verib: "Mənim oğlum "ata, bu nə qədər komik bir şərhdir" söylədi. 13 yaşında bir uşaq dedi bunu. Ömərin qarşısına çıxıb. Çünki bu, sosial mediadir. Alqoritmi var. Uşaqların qarşısına çıxır bunlar".
Xatırladaq ki, N.Şahin bu mövsümdən etibarən "Borussiya"da baş məşqçi işləyir. Hazırda Dortmund klubu Bundesliqada 7 oyundan 13 xalla 13-cü yeri tutur. O, 17 xalı olan lider "Bavariya"dan cəmi 4 xal geri qalır.
Komanda Çempionlar Liqasında isə 2 oyundan 6 xalla birinci yeri tutur.