-
- 22-10-2024, 08:29
- 377
Bakıda evlərin altına döşənən “bombalar” – QORXUNC
Xəbər verdiyimiz kimi, 2 gün öncə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində su borusunun üzərində tikilmiş fərdi evin həyətində boru partlayıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, həmin ev Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diametri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.
Açıqlamadan belə məlum olub ki, bu tikintiyə zamanında Xətai Rayon İcra Hakimiyyəti razılıq verib. O dövrdə isə adıçəkilən rayonun başçısı Gündüz Cəlilov olub. Bununla bağlı hər hansı bir məsuliyyət yarana, cinayət işi başladıla bilərmi?
Bundan başqa, sirr deyil ki, bütövlükdə Bakı şəhərində kommunikasiya xətlərinin keçdiyi ərazilərdə kütləvi şəkildə iaşə obyektləri, yaşayış binaları tikilib. Bunlar isə gec partlayan bomba effekti verir. Mütəxəssislər illərdir bununla bağlı həyəcan təbili çalsalar da, məsələnin aradan qaldırılması xeyli vəsait və vaxt tələb edir. Belə ki, həmin evlərin köçürülməsi üçün dövlət vətəndaşa kompensasiya ödəməlidir. Bunun çıxış yolu varmı?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, bu, kifayət qədər ciddi məsələdir.
O, ətrafda olan tikililərə nəzər yetirdiyini qeyd edib:
“Göründüyü kimi, ətraf bütünlüklə fərdi yaşayış evləri və digər tikililərdən ibarətdir. Yəni həmin ev orada tək deyil. Görünür, nəzarət olunmayıb və ya burada digər nüanslar var deyə bu səbəblərdən də belə bir problem yaranıb. Əlbəttə, qanunvericilik buna icazə vermir. Çünki orada yüksək təzyiqli magistral su xətti yerləşir. Onun konkret mühafizə zolağı olmalıdır və zolağın ölçüləri standartları müvafiq icra hakimiyyəti orqanlarında var”.
R.Osmanlının sözlərinə görə, vətəndaşlar mühafizə zolağının tələblərinə riayət etməlidirlər:
“Dəqiq araşdırma aparsaq, bəlkə də o tikilinin çıxarışı, sənədi var. Araşdırma vəziyyətindən asılı olaraq problemlər də ortaya çıxacaq. Burada təbii ki, həm rayon icra hakimiyyətinin, həm də digər qurumların da məsuliyyəti var. Amma artıq o məsuliyyət üzərindən danışmaq bir qədər gecdir”.
Hüquqşünas Elçin Sadıqov deyib ki, məsələ ilə bağlı cinayət işi başladıla bilər:
“Bəli, bununla bağlı Baş Prokurorluqda cinayət işinin başladılması mümkündür. 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başladıla bilər. Həmin maddələrdə vəzifə tutmanın qadağan olunması ilə yanaşı, 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub”.