Bakıda bahalaşan restoran yeməkləri - Açıqlama
    • 22-10-2024, 12:37
    • 181

Bakıda bahalaşan restoran yeməkləri - Açıqlama

Bakıda bir neçə il öncə hansısa restoranda oturub, yemək yeyib iki nəfərə 25-30 manat hesab verəndə həmin yerin baha olması ilə bağlı şikayətlər eşidirik. Ancaq indi 2 nəfərə 50 manat hesab ödəyəndə sevinirik. Qarşıdan soyuq havalar gəlir, isti yeməklər üçün restoranlara üz tutanların sayında böyük artım müşahidə olunacaq.

Bəs, soyuq havalarda yeyilən yeməklərin qiyməti 2 nəfərə ortalama nə qədər hesablanacaq? 

Bu barədə News24.az saytına tanınmış aşpaz İbrahim Əlizadə açıqlama verib. Onun sözlərinə görə bu qış qiymətlər nisbətən artacaq: 

“Restoran sahəsində qiymətlər ilk növbədə arendaya görə tənzimlənir, mümkün deyil ki, 2 eyni səviyyəli restoran, biri şəhərin mərkəzində, biri isə şəhərin kənarında yerləşsin, ancaq qiymətləri eyni olsun. Təbii ki, mərkəz amili qiymətdə böyük rol oynayır. 

İkinci məsələ interyer və marketinq. Restoranın təmiri, üslubu, aşpazın, musiqiçilərin tanınmış olması restorana xüsusi çəki verir.

Ən sonda yeməyin dadı gəlir, yeməyin dadı da qiymətə öz təsirini göstərir. Yenə deyirəm, qiymətə qədər gələn proses belədir. 

Kişilərin ən sevdiyi yemək xaşdır, sizə sirr açım ki, bazarda dırnaq satanlarla heç yola getmirik. Bilirlər ki, xaşa tələbat var, hər gün qiymət dəyişirlər. Kim çox pul ona dırnaq satırlar. Bu da xaşın qiymətinə təsir göstərəcək, şəhərin mərkəzində ötən ilə nisbətən xaşın qiymətində 2-5 manat aralığında artımın olacağı gözlənilir”.

Aşpaz hər kəsin sevimli yeməyi olan kabab və xəngəlin də qiymətinə toxunub: “Xəngəl əslində hazırlanmasına görə adamı incitmir, ətin və unun qiyməti məlumdur. Baxın, xəngəl bir növ marketoloqların silahıdır. Xəngəllə bütün restoranın alveri tənzimlənir qış aylarında. Tam səmimi deyim ki, yarpaq və gürcü xəngəlinin qiymətini 1-2 manatdan çox qaldırmaq düzgün deyil. 

Əgər qiymət dəyişəcəksə, buna müştəri bolluğu və restoranın siyasəti ola bilər. 

Kabablara gəlincə isə süfrənin şahı aşdır, ancaq çox adam kabab istəyir. Kababların qiyməti çoxdan qalxıb, bu il üçün qaldırsalar düzgün olmaz. Biz aşpazlar daha yaxşısına görürük, çünki onu bişirən bizik. Zatən ən ucuz kabab ortalama 6 manatdan başlayır. 

Soyuq havalar üçün 4 nəfərlik keyfiyyətli, təmiz bir restoranda doyumlu və dadlı menyu tərtib etsək, təbii ki, içki olmamaq şərtilə, 120 manat çox hesab gələcək.

Bura 2 növ xəngəl, 4 cür kabab, müxtəlif turşular, salatlar, içkilər daxil. 

Yenə qeyd edirəm, qiymət ortalamadır, aşağı-yuxarı dəyişir. Dediyim qiymət keyfiyyətli bir məkana aiddir”.

Ağa