Bayden Paşinyana ÇAĞIRIŞ ETDİ - İrəvan sülhə doğru ADDIM ATACAQMI?
    • 23-10-2024, 22:05
    • 306

Bayden Paşinyana ÇAĞIRIŞ ETDİ - İrəvan sülhə doğru ADDIM ATACAQMI?

ABŞ Prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, onu 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişi üzərində işi başa çatdırmağa çağırıb. Ermənistan Nazirlər Kabinetinin bu barədə yaydığı məlumata görə, məktubda sülh sazişinin qalan maddələrinin yekunlaşdırılmasının əzmkarlıq, fərasət və kompromis tələb etdiyi diqqətə çatdırılıb.

Bu il sülh müqaviləsi imzalamağı başa çatdırmağa çağırış edən C.Bayden Ermənistanın baş naziri Nikol Paşinyanı əmin edib ki, ABŞ çoxillik münaqişəyə son qoyacaq uzunmüddətli və şərəfli sülh sazişini dəstəkləməyə hazırdır. Ağ Ev rəhbərinin sözlərinə görə, Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən sülh sazişi təkcə erməni xalqı üçün deyil, bütün Cənubi Qafqaz regionunu dəyişəcək.

Son illər Ermənistandakı siyasi proseslərin Qərb, xüsusən də ABŞ və Avropa İttifaqı vasitəsilə idarə olunduğunu, belə bir fonda C.Baydenin N.Paşinyana məktub yollayaraq sülh sazişi imzalamağı tövsiyə, əslində isə diktə etməsi nə ilə nəticələnə bilər? Ermənistan bu ilin sonuna kimi sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin hamısını yerinə yetirə bilmək iqtidarındadırmı? Cəmi iki ay ərzində sülh sazişinin imzalanması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oktay Qasımov bildirib ki, ABŞ prezidentinin həm Azərbaycan, həm də Ermənistan liderinə göndərdiyi məktubda sülhə çağırış edilir.

Onun sözlərinə görə, Ağ Ev rəhbərindən Prezident İlham Əliyevə və baş nazir Nikol Paşinyana ünvanlanan məktubların ana xətti eyni olsa da, məzmunlarda fərq var: “Azərbaycan Prezidentinə göndərilən məktubda müəyyən təzyiq elementləri də hiss olunur. Belə ki, çari ildə, yəni dekabr ayının sonuna kimi sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu məktubda qarşılıqlı güzəştlərə getməklə bağlı fikirlər yer alır. Təbii ki, Ermənistana edilən çağırış öz-özlüyündə müsbət dəyərləndirilə bilər. Lakin ABŞ-nin Ermənistana bu çağırışının ardınca Vaşinqtondan İrəvana müəyyən təlqinlər və təzyiqlər də olmalıdır. Çünki qalib Azərbaycan kapitulyasiyaya məruz qalan Ermənistanla sülh sazişinin imzalanmasında maraqlı tərəfdir. Bunun üçün rəsmi Bakı öz şərtlərini qarşı tərəfə təqdim edib. Ermənistan bu şərtləri yerinə yetirdiyi təqdirdə Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır”.

O.Qasımov deyib ki, Azərbaycan imzalanacaq sülh müqaviləsinin gələcəkdə, uzaq perspektivdə də Cənubi Qafqazda sülhə və sabitliyə təminat verəcək bir sənəd olmasını istəyir: “Hal-hazırda ABŞ-nin tələsdirdiyi variantda hansısa bir sənədin imzalanması yekun sülh müqaviləsi olmayacaq. Bu, natamam bir sənəd olacaq. Belə bir müqavilənin imzalanması, əslində gələcək münaqişələr üçün bir növ təməl rolunu oynaya bilər. Bu baxımdan sülh çağırışları nə qədər müsbət görünsə də hərtərəfli sülh sazişinin imzalanması üçün bəzi həssas məqamlar mütləq nəzərə alınmalıdır. Təəssüf ki, indiki halda Azərbaycanın maraqları tam şəkildə nəzərə alınmır. Yəni, rəsmi Bakının sülh sazişi üçün irəli sürdüyü təkliflərin hamısı İrəvan tərəfindən yerinə yetirilməyib, yaxud nəzərə alınmayıb. Misal üçün, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşırsa, ərazi iddialarından geri çəkilmirsə, bunu əsas qanununda əks etdirirsə, İrəvandakı siyasi dairələr revanşizmi körükləyirsə, belə bir ölkə ilə necə sülh müqaviləsi imzalamaq olar? Bu baxımdan hesab edirəm ki, bu il Azərbaycanla Ermənistan arasında tam, əhatəli, hərtərəfli sülh müqaviləsinin imzalanması mümkün görünmür”.