-
- 24-10-2024, 14:33
- 3 355
Nazir: Bağça-uşağı qoyub getmək üçün yer deyil
Bağça - uşağı qoyub getmək üçün yer deyil, orada uşağa aşağı yaşdan təhsil verilməlidir.
News24.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablayarkən deyib.
O bildirib ki, bağçaları da sertifikatlaşdırma prosesinə cəlb etmək istiqamətində işlər görülür:
"Biz ilk növbədə başa düşməliyik ki, uşaq bağçalarında vəziyyət nə yerdədir. Buna uyğun olaraq, biz ölçmə alətlərimizi hazırlamalıyıq. Çünki əsas məqsəd sertifikasiyaya hazırlıqdır. Məktəb prosesindəki sertifikatlaşma prosesi daim artır və davam edəcək. Biz bağçaları da buraya qoşmaq istəyirik. Ümumilikdə, kifayət qədər qənaətbəxş nəticə göstərmiş, həm də təkmilləşməyə ehtiyacı olan tərbiyəçilər bağçalarda işləyirlər. Görüləcək işlərin həcmi kifayət qədər çoxdur. Bir sistemi sertifikatlaşdırmadan keçirməzdən öncə ona təlimlər də verilməlidir. Bu bizim əsas məntiqimiz olub. Buna görə də müəyyən təlim paketləri hazırlanır".
Nazir qeyd edib ki, bağça çox spesifik müəssisədir:
"Burada təhsil və qayğı məsələsi bir yerdədir. Tərbiyəçilər daha çox təhsil komponentindədirlər. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, bağçaların qayğı müəssisəsi olmaqla yanaşı, həm də təhsil müəssisəsi olduğunu unutmayaq".