Onlayn reklamlar mərc oyunlarına asılılıq yaradır: Təcili çağırış
    • 25-10-2024, 10:53
    • 397

Onlayn reklamlar mərc oyunlarına asılılıq yaradır: Təcili çağırış

Dünyanın aparıcı səhiyyə ekspertlərinin fikrincə, qumar qlobal ictimai sağlamlıq üçün artan təhlükəyə çevrilib, bu problem isə alkoqol və tütünlə eyni qaydada tənzimlənməklə təcili şəkildə həll edilməlidir.

News24.az xəbər verir ki, Lancet Xalq Sağlamlığı Komissiyasının dərc etdiyi hesabatda cib telefonlarının və internetin geniş yayılması ilə qumar oynama nisbətlərinin sürətlə artdığı və bu vəziyyətin düşünüləndən çox insana mənfi təsir etdiyi vurğulanıb.

Hesabata görə, dünyada təxminən 450 milyon insan qumarla bağlı davranış problemi və ya zərərli şəxsi, sosial, sağlamlıq nəticələri ilə üzləşir.

Mütəxəssislər texnologiya və internet vasitəsilə verilən qumar reklamlarının gənclərə və uşaqlara böyük təsir etdiyini və bunun da qumar asılılığı riskini artırdığını bildiriblər. Xüsusilə onlayn kazinolar, idman mərc oyunları qumar oyunlarının sürətlə artdığı sahələr kimi seçilir.

Həmçinin müəyyən qrupların, xüsusən də yeniyetmə və uşaqların qumar reklamlarına daha çox məruz qaldığı və bu qrupların qumar oyunlarının zərərlərinə daha həssas olduğu bildirilib.

Məryəm İlhamqızı