COP29-da qurumlar məsafədən işləyəcək? - AÇIQLAMA
    • 1-11-2024, 05:24
    • 439

COP29-da qurumlar məsafədən işləyəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 11–24 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda təşkil olunacaq.

Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. 

COP29-un keçiriləcəyi 11 gün ərzində isə 38 dövlət qurumunda iş rejimi dəyişəcək. Bununla bağlı bu il avqust ayında Nazirlər Kabineti müvafiq tapşırıq verib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dövlət orqanlarındakı işçilərin sayı ən çoxu 30 faiz müəyyən ediləcək və işçilərin qalan 70 faizi məsafədən (evdən) işləyəcək.

Dövlət qurumlarında əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb ediləcəklər. Hələlik özəl sektorun iş rejimi ilə bağlı hansısa qərar qəbul edilməyib.

Maraqlıdır, COP-29 dönəmində Nazirlər Kabinetinin dövlət qurumları ilə bağlı verdiyi məlum qərar məhz özəl sektora da aid edilə bilər?

Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, özəl sektorun çalışması ilə bağlı hökumət qərar verə bilməz:

"Əgər hansısa iş yerlərinə, özəl sektora qadağalar olacaqsa, bunun kompensassiyası da olmalıdır. Hökumət büdcə təşkilatlarında çalışanlarla bağlı qərar verə bilər.

Necə ki, artıq onlarla bağlı qərar verilib. Özəl sektorla bağlı inzibati qərar verilə bilməz, çox güman verilməyəcək də. Bu, həm məntiqə ziddir, həm də qanunvericilik buna imkan vermir".