Bu gecə qüvvəyə minən qanunla bağlı sürücülərə XƏBƏRDARLIQ - Cərimə olunacaqlar
    • 1-11-2024, 17:22
    • 397

Bu gecə qüvvəyə minən qanunla bağlı sürücülərə XƏBƏRDARLIQ - Cərimə olunacaqlar

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minib.

News24.az xəbər verir ki, həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb.

Sürücülərə qaydaları pozduğu halda cərimə pul və bal cəriməsi ilə cəzalanacaqlar.

Ümumiyyətlə, sürücülər belə şəraitdə nə etməlidir? Cərimə olunmamaq üçün nələrə riayət etmək lazımdır?

Mövzu ilə bağlı avto təlimçi Zeynal Kərimov News24.az-a bildirib ki, COP29 zolağı şəhərimiz üçün yad deyil. 

"Bir çox sürücülər xatırlayar, Baku 2015 Birinci Avropa Oyunları vaxtı da belə zolaq mövcud idi. İlk 2 gün çətinlik olsa da sonra sürücülər buna öyrəşdi. 

Ümumiyyətlə, dünyanın bir çox ölkələrində belə praktika mövcuddur. Böyük tədbirlər olan zaman bu cür addımın atılması normaldır. Sadəcə, maksimum dərəcədə pik vaxtlarda maşından az istifadə etmək lazımdır. Məcbur deyilsə, ictimai nəqliyyat ən gözəl variant hesab olunur", - deyə o əlavə edib. 

O, sürücüləri səbrli olmağa çağırıb. 

"Bildiyiniz kimi, COP29 zolaqlarına daxil olmaq 100 manat və 2 cərimə balına səbəb ola bilər.  Onu da qeyd edim ki, sürücülər yola çıxmazdan əvvəl marşrutlarının müəyyənləşdirsinlər, o zaman daha vaxt itkisi yaşayarlar”, - deyə o qeyd edib.

COP29 zolaqlarının qüvvəyə minməsindən sonra Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyin təbliği, ictimai qurumlarla bolməsinin rəisi, polis kapitanıToğrul Nəsirli saytımıza açıqlama verib. O, Bakı şəhəri Baş Dövlət Yol Polisi idarəsi tərəfindən yollarda ciddi nəzarətin olunduğunu bildirib: 

“COP29 zolaqlarına daxil olan sürücülər barəsində qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə uyğun olaraq 2 cərimə balı, 100 manat məbləğində cərimə nəzərdə tutulub.

O zolaqlardan yalnız ümumi istifadədə olan nəqliyyat vasitələri, operativ nəqliyyat vasitələri istifadə edə bilərlər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır. Sual doğura bilər ki, hansı hallarda COP29 zolaqlarına daxil olmaq olar. Yol hərəkəti haqqında qanunun 48-ci maddəsində qeyd olunur ki, əgər bu zolaq yolun qalan hissəsindən qırıq-qırıq nişanlanma xətti ilə ayrılmışdırsa, həmin zolağa qeyd olunan yerdən sürücülərə dönmək üçün, eləcə də sərnişin mindirib-düşürmək üçün istifadə edə bilərlər, ancaq tez bir, vaxt itirmədən bunu etmək lazımdır. Yenə qeyd edirəm, qırıq-qırıq xəttlərdən keçməklə. Əsas məsələ ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmamaqdır. 

Onu da qeyd edək ki, bu gün paytaxt ərazisində, Dövlət Yol Polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə nəzarət tədbirləri həyata keçirilir.

Fürsətdən istifadə edərək, sürücülərdən xahiş edirik ki, həmin zolaqlara daxil olub sıxlığın yaranmasına səbəb olmasınlar”.

Ağa