Sperma donorluğunun TƏHLÜKƏLƏRİ - Kriteriyalar açıqlanır
    • 5-11-2024, 00:24
    • 393

Sperma donorluğunun TƏHLÜKƏLƏRİ - Kriteriyalar açıqlanır

Müasir dünyada sonsuzluq problemi daha aktual xarakter almaqdadır. Bu bəladan can qurtarmaq, dünyaya yeni həyat gətirmək üçün insanlar müxtəlif üsullara əl atırlar. Bir çox hallarda övlad sahibi olmaq istəyənlər sperma bankına müraciət edirlər. Bəs insanların arzularını gerçəkləşdirməyə kömək olan sperma donorluğu hansı təhlükələri ortaya çıxarır? 

News24.az Lent.az-a istinadla bildirir ki,  bir çoxlarının mövzuya radikal yanaşmasının əsas səbəblərindən biri sperma donorluğunun gələcəkdə bacı-qardaş evliliyinə səbəb olacağı məsələsidir. 

Eyni şəxsin bir neçə nəfərə donor olması nəticəsində gələcəkdə evlənəcək şəxslərin bacı-qardaş olması ehtimalı yüksəkdir.

Yanlış insanların idarəçiliyində həyata keçirilən sperma donorluğu başqa fəlakətlərə də səbəb ola bilir. Məsələn ABŞ-ın Vircinia ştatında spema bankının rəhbəri olan Cecil Jakobsonun xəstələrinə məhz öz spermalarını satdığına görə həbs edildiyi məlumdur. Nyu Yorkda isə sperma bankında işləyən qaradərili şəxsin müştərilərinə öz spermasını tətbiq etməsi nəticəsində ağdərili valideynlərin qaradərili övladlarınının dünyaya gəlməsi qalmaqala səbəb olmuşdu.

Məsələnin tibbi tərəfi ilə yanaşı, bunu dini cəhətdən də qınayanlar kifayət qədərdir.

Dini nöqteyi-nəzərdən övladın dünyaya gəlməsi üçün insanlar ailə qurmalıdırlar. Sperma donoru vasitəsilə övladın dünyaya gəlməsi dini baxımdan qəbul edilmir. 

Bəs cinsiyyət vəziləri spermatozoid istehsal etməyən kişi və ya yumurtalıqları işləməyən qadın nə etməlidir? Övladsız ömür sürməkdənsə, çarəsiz donor yardımından istifadə edirlər. 

Təhlükəli nəticələrindən danışdığımız, amma bəzi insanların son ümid işığına çevrilən  sperma donorluğu ölkəmizdə hansı şərtlərlə həyata keçirilir?

Azərbaycanda 2004-cü ildən yumurta donorluğu da, sperma donorluğu da tətbiq edilir. Ölkəmizdə bu prosesi əsasən Mərkəzi Klinika həyata keçirir/


Sperma qəbulunda hansı kriteriyalar var?

Sperma donoru olmaq istəyən şəxs sosial (ailə mənşəyini, milliyyətini, həyat tərzini, təhsilini və s.) və tibbi (sağlamlıq vəziyyəti, irsi və fiziki xüsusiyyətləri və s.) vəziyyətini bəyan etməklə əhatəli müraciət forması doldurur. Bundan sonra uyğun olan şəxslər seçilir və onlar üzərində fiziki və tibbi müayinələr həyata keçirilir. Donor ümumiyyətlə fiziki və əqli cəhətdən tam sağlam şəxs olmalıdır. Müəyyən olunmuş kriteriyalara uyğun olan şəxslər donor kimi qəbul edilir.


Anonimlik necə qorunur?

"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Praktikada isə bütün informasiyalar məxfi kodlarla şifrələnərək, etibarlı şəkildə qorunur. Amma sperma üçün müraciət edən şəxslərə anonimlik saxlanılması şərtilə donorun xarici görünüşü barəsində məlumat verilir. 

İndi isə məsələyə daha geniş coğrafiyadan baxaq. Dünya ölkələrində vəziyyət necədir? Hansı ölkələrdə sperma bankı fəaliyyət göstərir?

Sperma donorluğunun qanuni olması ölkələrə görə dəyişir.

Nəsillər arasında təsadüfi qohumluq riskinin olması nöqteyi-nəzərdən qonşu Türkiyədə sperma bankının yaradılması qadağandır.

Amma Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Danimarka, Almaniya, Fransa, Norveç, İspaniya, Yaponiya və ABŞ-da bu baxımdan donorluq könüllüdür.