-
- 5-11-2024, 23:58
- 781
Bu şəxslərə üzücü xəbər: Tələblər çətinləşir...
Müəyyən yaşa çatdıqdan sonra insanların əmək bazarında özlərinə uyğun tələb və maaşlarda iş tapması çətinləşir. Buna bir sıra amillərin səbəb olduğu deyilir.
News24.az xəbər verir ki, eskpertlər bu məsələyə dair rəylərini “Yeni Sabah”la bölüşüblər.
İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirib ki, namizəd işə yeni başlayan şəxsdirsə, iş tapmaq çətin olur:
“Çünki həmin vəzifəyə hazırlaşdırmaq, uyğunlaşmaq kifayət qədər vaxt aparır. Texnologiyanın inkişafı və şirkətin qaydaları ilə həmin yaş kateqoriyasında olan şəxsin iş təcrübəsi arasında müəyyən fərqlər olur. Bu, nisbi məsələdir. Əgər şəxs vəzifədən-vəzifəyə keçirsə, texniki əməkdaşdırsa, yaxud ona tələbat varsa, həmin situasiyada iş tapmaq elə də çətin olmur. Ancaq işə yeni başlayan və heç bir təcrübəsi olmayan namizədlər üçün sözügedən proses olduqca qəlizdir”.
İnsan resursları üzrə digər mütəxəssis İlkin Mirzəzadə isə mövzunu belə dəyərləndirib:
“Hazırda belə bir tendensiya var ki, 30-35 yaş kateqoriyasından sonra iş tapmaq çətinləşir. Bunun əsas səbəblərindən biri işəgötürənlərin bəzi hallarda daha cavan kadrlara üstünlük verməsidir. Çünki yaşlı kadrların hamısı olmasa da, əksəriyyəti öz üzərində işləmir. Yəni 20 il qabaqkı biliyi necə idisə, elə də qalırlar. Zaman keçdikcə özlərini təkminləşdirmədikləri, habelə şərtlərin, maaş məbləğinin, tələblərin dəyişməsi nəticəsində işəgötürənlərə cəlbedici görünmürlər. Ona görə də işəgötürən daha uyğun əməkhaqqıya daha cavan kadrlar cəlb edir.
Əmək bazarında 35-40 yaşdan yuxarı şəxslərin işlədiklərini müşahidə etmək mümkündür. Kifayət qədər sayda belə şəxslər var. Bacarıq və savadları da öz yerindədir. Sözügedən şəxslər işlədiyi şirkət və müəssisələr üçün lazımlı hesab olunurlar. Daha çox dövlət sektorunda onları görmək mümkündür. Özəl sektor isə daha çox 35 yaşa qədər şəxsləri özündə birləşdirir. İş elanlarında da bu limiti əlavə edirlər.
Avropa və Amerika ölkələrində bu tendensiya bir o qədər də aktual deyil. Təbii ki, orada da üstünlük cavan kadrlaradır. Ancaq yaşlılar da müxtəlif vəzifələrdə rahatlıqla çalışırlar. Orada buna dair xüsusi tələb yoxdur. Əslində, belə tələblərin qoyulması əmək bazarı fəaliyyəti baxımından uyğun deyil”.