-
- 6-11-2024, 22:08
- 384
Ciyərlər üçün ən faydalı qidalar
Ən həyati orqanlardan olan ağciyərlər və qaraciyər ümumi sağlamlığımızda böyük rol oynayır. Bu orqanların funksiyalarını dəstəkləmək üçün düzgün qidalardan istifadə etmək çox vacibdir.
Alternativ Tibb və Qidalanma Mütəxəssisi Dr. Luk Kotinyo deyir ki, qaraciyər və ağciyərləri təmizləməyə, işini yaxşılaşdırmağa kömək edən bəzi qidalar var.
News24.az Redaktor.az-a istinadla həmin qidaları təqdim edir:
Beta-karotin ilə zəngin qidalar:
Narıncı və ya qırmızı rəngli meyvə və tərəvəzlərdə olan narıncı antioksidant piqment ağciyər xərçəngi riskini azaltmağa kömək edir. Onların tərkibində, həmçinin qaraciyərin detoksifikasiyasına kömək edən “glutatyon” var. Belə qidalara misal olaraq çuğundur, yerkökü, pomidor, qırmızı bibər, qayısı və balqabağı göstərmək olar.
C vitamini ehtiva edən qidalar:
Tərkibində C vitamini olan meyvələr qaraciyərin detoksifikasiyasına və təbii şəkildə təmizlənməsinə kömək edən fermentlərin istehsalını artırır, oksigenin ağciyərlər vasitəsilə bütün bədənə səmərəli şəkildə daşınmasına kömək edir. C vitamini sitrus meyvələri ilə yanaşı, kivi, brokkoli, çiyələk, yaşıl bibər, pomidor, gül kələm, bibər və brüssel kələmində var.
Yaşıl yarpaqlı tərəvəzlər:
Çiy və ya bişmiş halda yeyilə bilən tünd yaşıl yarpaqlı tərəvəzlər ciyərləri təmizləyən ən güclü qidalar arasında sayıla bilər. Maqnezium və kaliumla zəngin olduqları üçün ağciyər sağlamlığını dəstəkləyirlər. Bunun üçün ispanaq, kahı, kələm, qırmızı kələm, yaşıl soğan və nanə istehlak edilə bilər.
Sarıkök:
Antioksidantdır, iltihab əleyhinə təsirlidir, antibiotik effekti var və immunogendir. Həmçinin xərçəng əleyhinə təsir göstərir, xolesterini aşağı salır və immuniteti gücləndirir.
Tədqiqatlar göstərib ki, sarıkök olan kurkumin həddindən artıq siqaret çəkmə səbəbindən ağciyərlərə dəyən zərərin aradan qaldırılmasına kömək edir, ağciyər xərçəngi riskini azaldır.
Zəncəfil:
Həzmi və qan dövranını stimullaşdırmaqda çox faydalı olan zəncəfil qaraciyərdə yığılan toksini təmizləyir. Zəncəfil yüksək konsentrasiyalı “gingerol” sayəsində müalicəvi və zərərsizləşdirici xüsusiyyətlərə malikdir. Bu, ağciyərlərin daha səmərəli işləməsinə kömək edir.
Sarımsaq:
Sarımsaq bədəndən toksinləri çıxarmaq üçün lazım olan qaraciyər fermentlərini aktivləşdirməyə kömək edən kükürd, allisin və seleniumla zəngindir. İltihab əleyhinə və immuniteti gücləndirən xüsusiyyətləri sayəsində ağciyər xərçəngi riskini azaldır.
Yaşıl çay:
Xüsusilə antioksidantlarla zəngin olan yaşıl çay, fermentativ fəaliyyəti artıraraq qaraciyər və ağciyər sağlamlığının qorunmasına dəstək verir.
Omega-3:
Omeqa-3 ilə zəngin qidalar qaraciyəri piylənmə və insulin müqavimətinin yaratdığı zərərdən qoruyur. Onlar tənəffüs sisteminin güclənməsinə kömək edərək müxtəlif tənəffüs yolları xəstəlikləri zamanı da faydalı ola bilər. Bu qidalara badam, püstə, qoz, kətan toxumu, çia toxumu, soya; qızılbalıq, skumbriya və alabalıq kimi yağlı balıqlar daxildir.
Alma:
Alma yüksək lif tərkibinə görə qaraciyər üçün çox faydalıdır. Qaraciyərin təmizlənməsi üçün lazım olan pektin, vitaminlər, flavonoidlər və kimyəvi maddələrlə zəngindir. Almadakı pektin lifi xolesterini aşağı salmağa kömək edir, həmçinin bədəndən toksinləri çıxarır. Bundan əlavə, yüksək miqdarda flavonoid antioksidantları da ağciyər sağlamlığını dəstəkləyir.