10 min dəfədən çox yalan danışan Tramp - Dünyanı nələr gözləyir?
    • 6-11-2024, 13:22
    • 671

10 min dəfədən çox yalan danışan Tramp - Dünyanı nələr gözləyir?

Dünya gündəmini zəbt etmiş ABŞ-dəki prezident seçkilərində səsvermə yekunlaşıb. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp artıq öz zəfərini elan edib. Onun seçilməsi ilə bir sıra məsələlər və narahatlıqlar da gündəmə gəlib. 

Bəs Trampın prezidentliyi zamanı bizi və dünyanı nələr gözləyir?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu deyib ki, Tramp artıq Amerikanın növbəti preziddenti seçilib. 

"Bu isə o deməkdir ki, ABŞ-nin son 4 ildə mövcud olmuş siyasəti daha olmaycaq. Bu dəfə Tramp 2016-cı ildən fərqli olaraq, hakimiyyətə konkret plan, mövqe və vəzifələrlə gəlir. Əlbəttə, o çalışacaq ki, vəd etdiklərinə əməl etsin", - deyə o əlavə edib.


Politoloqun sözlərinə görə, Tramp patoloji yalançıdır və ola bilər ki, dediklərinin tam əksini etsin. 

"Vaxtı ilə ABŞ-nin iki televiziya kanalının jurnalistləri hesablamışdılar ki, Tramp prezidentliyi dövründə 10 min dəfədən çox yalan danışıb. 

Onun Ukraynaya Bayden administrasiyasından daha güclü dəstək verməsi belə, mümkün ola bilər. Xatırladım ki, belə bir hal 2016-cı ildə o, hakimiyyətə gələndə yaşanmışdı. Belə ki, Tramp Obamanın illərlə Ukraynaya vermədiyi raketləri bu ölkəyə vermişdi. Yəni, Tramp elə bir şəxsdir ki, onun haqqında heç bir proqnoz vermək mümkün deyil", - deyə o vurğulayıb.

Ə.Oruclu Trampın yeni dönəmində Amerika siyasətində kardinal dəyişikliklər olacağını, ancaq daxili siyasətinə gücü çatıb-çatmayacağının sual altında olduğunu bildirib:

"ABŞ-nin dövlət institutları yetərincə güclüdür və müqavimət göstərib qarşısını alacaqlar. Onlar imkan verməzlər ki, ölkənin düzəni dəyişsin. Ancaq düşünürəm ki, hazırda Tramp Yaxın Şərqdə və Rusiya-Ukrayna arasında gedən müharibələrə təsirini göstərəcək. Yaxın Şərqdə bu İsrailin xeyrinə, Ukrayna məsələsində isə böyük ehtimalla Rusiyanın xeyrinə olacaq. Eyni zamanda, ABŞ-ın Avropadakı NATO müttəfiqləri ilə münasibətləri fərqli müstəviyə keçəcək. Bu münasibətlər 2016-cı ildə olduğu kimi, zəifləyəcək. Çinin siyasətində aqressivlik müşahidə ediləcək və Koreya yarımadasında da vəziyyət gərginləşəcək. Yəni, dünyanın mənzərəsi dəyişəcək".

Günel Məlikzadə