Dövlət qulluğu imtahanı ilə bağlı YENİLİK
    • Bu gün, 21:13
    • 94

Dövlət qulluğu imtahanı ilə bağlı YENİLİK

Dövlət qulluğunda ümumi səriştələrin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqlar hazırlanır.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.

Bildirilib ki, DİM elektron imtahanlar korpusunda yeni qiymətləndirmə alətlərinin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaq imtahanı təşkil olunub. Sınaq prosesinə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında işləyən dövlət qulluqçuları və ehtiyat kadrlar cəlb olunublar.

Məlumat üçün bildirək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrini əsas meyar kimi götürməyi nəzərdə tutur. Bu yanaşma namizədlərin real iş mühitində davranışlarını proqnozlaşdırmağa fokuslanır, eyni zamanda artıq dövlət qulluqçusu kimi fəaliyyət göstərən şəxslərin davranışlarının peşəkarlıq baxımından qiymətləndirilməsinə imkan verir.