Ermənilər Gürcüstandan üzr tələb edir - Dağ Borçalı davası
    • 7-11-2024, 13:51
    • 262

Ermənilər Gürcüstandan üzr tələb edir - Dağ Borçalı davası

Salome Zurabişvilinin Lorinin tarixi Gürcüstan ərazisi olduğu barədə bir turizm şirkətinin reklam mətnini paylaşmasına ermənilərin reaksiyaları davam edir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, erməni mediası və sosial şəbəkələri xüsusilə bu məsələyə Cavaxeti ermənilərini də cəlb etməyə çalışırlar və bunun özü də ərazi iddiasına qarşılıqlı cavabdır. Belə ki, Samtsxe-Cavaxeti ermənilərin kompakt yaşadığı ərazidir və erməni separatçılar vaxtaşırı olaraq Gürcüstanın bu bölgəsinə ərazi iddiası səsləndirirlər. Hətta bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyan da bu ərazisi “Cavax” adlandırmaqla, bu separatizmə dəstək vermiş və nəticədə Gürcüstanın etirazı ilə qarşılaşmışdı.

“Ermənistan hakimiyyəti o qədər acınacaqlı vəziyyətdədir ki, kim nəyi istəyirsə, bunu bəyan edir. Salome Fransa vətəndaşıdır. Nikol Paşinyan öz sevimli Fransası ilə maraqlanmalıdır ki, onun vətəndaşı Gürcüstanda nə edir. Fransa bu inkişafı cilovlamalıdır”, - Cavaxeti ermənisi olan Vaaqn Çahalyan “Qraparak”a müsahibəsində deyib.

O bildirib ki, bu, birinci hal deyil. Saakaşvili də belə bir bəyanatla çıxış edib:

“Onlar təxribat törətməyə çalışırlar. Salome Zurabişvili ermənilərdən inciyib. Seçkilər zamanı ermənilər ona az səs verdiyindən, o, Gürcüstan ermənilərini, Yava ermənilərini cəzalandırmağa çalışır. Seçkilərdən sonra bu qadında ermənilərə nifrət yaranıb və buna bənzər hərəkətlərlə münaqişə oyatmağa çalışır. Zurabişvilinin bu postunun ermənilərin qəzəbinə səbəb olacağı aydındır. O, ermənilərdən üzr istəməlidir. Bu paylaşımı o öz səhifəsindən belə silmir”.

Qeyd edək ki, erməni və gürcülərin “mübahisəli” saydığı Lori əslində qədim Azərbaycan torpağıdır və Dağ Borçalı adlanır.