-
- 7-11-2024, 14:11
- 279
Hakan Fidan nöqtəni qoydu - “Bu səhifə bağlanıb”
Hazırda danışıqlar prosesi yoxdur, çünki nəyin müzakirə ediləcəyi ilə bağlı dərin fikir ayrılıqları var.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Yunanıstan səfərindən öncə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
BMT-nin də tərəflər arasında ortaq nöqtənin olmadığını qeyd etdiyini söyləyən nazir qarşıda keçiriləcək mümkün geniş formatlı qeyri-rəsmi görüşün yalnız gələcək üçün nələr edilə biləcəyi ilə bağlı fikir mübadiləsinə imkan verəcəyini bildirib.
Fidan Kipr adasının “yenidən birləşmə” səhifəsinin bağlandığını, ancaq həll yoluna keçməyin mümkün olduğunu indi anlamaq lazım olduğunu vurğulayıb.
Türkiyənin baş diplomatı həll üçün fərqli yolların ola biləcəyini də qeyd edib:
“Nəticə etibarilə siyasi məsələlər fizika qanunları kimi deyil. Əgər bir yolla nəticəyə gəlmək mümkün deyilsə, başqa üsula əl atılır. Türkiyə tərəfi olaraq biz də bunu edirik. Bu halda, həll prosesində adadakı faktlara əsaslanmalıyıq. Adada iki ayrı xalq və iki ayrı dövlət var. Qonşu kimi əməkdaşlıq edərək, yan-yana yaşaya bilərlər. Buna necə nail olacaqlarına iki xalq birlikdə qərar verməlidir. Adada həm yunanlar, həm də türklərin zənginliyi, təhlükəsizliyi, azadlığı, sülh və suverenliyini mümkün edəcək yeni bir ruha ehtiyac var”.