-
- 7-11-2024, 16:25
- 209
Bakıda qadın “TikTok”da tanış olduğu kişini ondan ayrıldığı üçün BIÇAQLADI
Bakıda qadın “TikTok”da tanış olub, 4 ay danışdığı kişini ondan ayrıldığı üçün bıçaqlayıb.
News24.az Bakuplus.az-a istinadla bildirir ki, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilib.
Belə ki, 1989-cu il təvəllüdlü Aynur Camalova (ad şərtidir) “TikTok” sosial platforması vasitəsi ilə Toğrul Piriyev (ad şərtidir) adlı şəxslə qeyri-rəsmi münasibət qurmağa başlayıb. 4 ay çəkən münasibətin sonunda, aprelin 11-də Toğrul Piriyev Aynur Camalovadan ayrılmaq istəyib. Aynur Toğruldan ayrılığını rüsvayçılıq adlandırıb. Həmin gün aralarında yaranmış mübahisə zamanı qisas məqsədi ilə Toğrul Piriyevi bıçaqlayıb.
Aynur Camalova Azərbaycan Respublikası CM-nin 126.1-ci (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Aynur Camalova özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, iki dəfə ailəli olub, boşandıqdan sonra Toğrulla tanış olub:
“İki dəfə ailə həyatı qurmuşam. Birinci həyat yoldaşımdan bir qızım, ikinci həyat yoldaşımdan isə iki uşağım var. Toğrulla 4 ay qabaq “TikTok”da tanış olmuşuq. Bir müddət danışdıqdan sonra ər-arvad kimi qeyri-rəsmi bir yerdə yaşamağa başladıq. Toğrulun ailəli və 1 uşağının olduğunu bilmirdim. Toğrul mənə özünü subay kimi təqdim edib. Hadisə olandan sonra polisə gedəndə onun evli olduğunu öyrəndim. Kirayə mənzil tutub, Toğrulla o evdə qalırdım. Amma gecələri əsasən uşaqlarımın yanına gedirdim. Aprelin 10-da Ramazan bayramına görə anamdan icazə alıb Toğrulu bizim evə gətirdim. Həmin gün qohum-əqrəbamız bizdə idi. Hamı Toğrulla mənim münasibətim olduğunu, bir yerdə yaşadığımızı öyrəndi”.
İfadəsinin davamında Aynur Camalova deyib ki, Toğrul hamının yanında fikrinin ciddi olduğunu söyləyib:
“Qohumlarımın içində fikrinin ciddi olduğunu, mənimlə evlənmək istədiyini dedi. Toğrul qohumlarıma valideynlərinin Türkiyədə yaşadığını, onu nənəsinin böyütdüyünü və Sumqayıtda evi olduğunu söylədi. Həmin gecə məclis başa çatdıqdan sonra Toğrul da bizdə qaldı. Səhər biz oyanana qədər anam və qohumlarımız evdən çıxıb getmişdi. Qızım oyanıb Toğrulun bizdə qaldığını gördükdə əsəbiləşdi. Mənimlə mübahisə etdiyini Toğrul eşitdi. O biri otaqdan balaca qızım keçmiş həyat yoldaşım Vüqarın saqqallı şəkilini gətirdi. Toğrul bunu görüb mənim hələ də fikrimin Vüqarda olduğunu düşündü. Mənə ayrılmaq istədiyini dedi. Toğrul getmək istədi, onu tutub saxladım. Elə bu məsələ üstündə aramızda mübahisə yarandı. Toğrul məni təhqir edərək evdən çıxırdı, məni namussuz adlandırdı. Mən də qəzəbimi idarə edə bilmədən mətbəx bıçağı ilə onu bıçaqladım. Sonra səhvimi başa düşdüm. İndi barışmışıq, çox xoşbəxtik. Qeyri-rəsmi bir yerdə qalırıq. Əməlimdən çox peşmanam”.
Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Toğrul Piriyev ifadəsində deyib ki, Aynurdan şikayəti yoxdur:
“Təxminən 4 ay əvvəl Aynurla “TikTok”da tanış olduq. Aramızda sevgi yarandığı üçün bir evdə qeyri-rəsmi yaşamağa başladıq. Bayramı keçirmək üçün Aynurun anasının razılığı ilə onlara getdim. Bayram məclisi bitdikdən sonra onlarda qaldım. Səhər oyananda Aynurun qızı ilə mübahisəsini eşitdim. O, qızına məndən ayrılacağını deyirdi. Bundan sonra Aynurun balaca qızı yataq otağından onun keçmiş əri Vüqarın cırılmış şəkilini gətirib göstərdi. İndiki halımı Vüqara çox oxşatdım. Həm də Aynurun qızına məndən ayrılacağını deməsi məndə qısqanclıq hiss yaratdı. Aramızda mübahisə yarandı. Onun ünvanına çox pis söyüş söyüb, çıxıb getmək istədim. Aynur əsəbiləşib mətbəx bıçağı ilə məni vurdu. Bu hadisəyə görə ondan küsməmişəm. Şikayətim də yoxdur”.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Aynur Camalova 3 il azadlıqdan məhrum edilib.