Şuşada ilk bayrağımızı ucaldan qəhrəman: “O torpaqlardan çıxanda..."
    • 8-11-2024, 10:27
    • 833

Şuşada ilk bayrağımızı ucaldan qəhrəman: “O torpaqlardan çıxanda..."

Şuşanın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də Səbuhi Abdullayevdir. O, Şuşaya ilk daxil olan, düşməni məhv edərək Azərbaycan bayrağını qədim şəhərdə dalğalandıran hərbçilərimizdəndir.

News24.az bildirir ki, bakuplus.az qəhrəman hərbçi Səbuhi Abdullayev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Səbuhi bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1978-ci il avqustun 28-də Şuşada dünyaya göz açmışam. Əslən Şuşalıyam. Biz Şuşadan çıxanda 13 yaşım var idi. Hər zaman deyirdim ki, biz yenə də bu torpaqlara qayıdacağıq. Mən üç il Cəmşid Naxçıvanski adın Hərbi Liseydə təhsil aldım. Ondan sonra Hərbi Akademiyada təhsilimi davam etdirdim.

– Necə oldu ki, döyüşlərə qatıldınız?

– Müharibə başlayan ilk gündən döyüşlərə qatıldım. İlk gündən sona qədər torpaqlarımızın azad olunması uğrunda mübarizə aparmışıq. 44 günlük döyüşlərdə Azərbaycan əsgərlərinin şücaəti sayəsində düşmənin müqaviməti qırıldı, işğalçılar darmadağın edildi. Mən aprel döyüşlərində də iştirak etmişəm. Həmin döyüşlərdə də yaralandığım üçün bir qədər başımda ağrı var.

– Döyüş başlayanda hansı hissləri keçirdiniz?

– Vətən gözəldir və onun uğrunda canından keçməyə dəyər. Düşmən geri çəkilirdi, onlar hər şeyini qoyub qaçırdı. Ermənilər bizim əks hücumlarımıza tab gətirə bilmədilər və biz düşməni məhv elədik. Vətən, xalqımız, torpaqların geri qayıtması uğrunda canımızı fəda verdik. Bu, bizim borcumuzdur.

“Ən böyük arzum Şuşanı görmək idi”

– 28 il həsrətdən sonra doğma şəhərimə qovuşdum. Şuşaya ilk daxil olanda hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm. Çox gözəl duyğu idi. Ən böyük arzum Şuşanı görmək idi və bu arzum reallaşdı. 28 il sonra mən doğma yurdumu – Şuşanı gördüm. Şuşadan çıxanda artıq yeniyetmə idim və hər şeyi, hər yeri xatırlayırdım.

– Nə zaman yaralandınız?

– 8 noyabrda Şuşada yaralandım Bir gündə iki dəfə yaralandım. Yaralı olsam da, sonadək döyüşdüm.

– Şuşaya ilk bayrağı siz sancmısınız.

– Azərbaycan bayrağı Şuşada dalğalananda çox sevindim. Bayrağı sancanda yaralı idim. Səhər döyüşlərdə başımdan qəlpə yarası almışdım. Yaralı olsam da, sonadək döyüşüb bayrağı sancdım. Ondan sonra düşmənlə mübarizədə təkrar yaralandım. Amma təslim olmadım, düşməni məhv etdik.

Bir məqsəd var idi – Vətəni azad etmək. Biz haqq yolunda idik, düşmənin əlindən alınan bizim torpağımız, bizim Vətənimizdir. Azərbaycanın hər qarışı bizim üçün əziz, müqəddəsdir. Hər birimiz torpaq, Vətən, xalq, dövlətimiz uğurunda, bayrağımızı dalğalandırmaq üçün canımızı verməyə hazır olduğumuzu sübut etdik.

– Bu gün Şuşanın azad olunmasından dörd il ötür. Hansı hisslər keçirirsiniz?

– Vətənini, xalqını, dövlətini sevən və onun uğrunda ölməyi belə göz önünə gətirərək döyüşən  bir vətənpərvər insan hansı hissləri keçirirsə, onları yaşayıram. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə də can sağlığı arzu edirəm.