-
- 8-11-2024, 12:58
- 501
Qarabağ Zəfərinin təntənəsi: Xalq şəhidlərimizi ziyarətə axın edir - VİDEO
4 ildən öncə prezidentimiz "Qarabağ Azərbaycandır" dedi və qələbəni bizə gətirdi.
27 sentyabr 2020-ci ildə yenidən tarix yazdığımız II Qarabağ - 44 gün davam edən müharibəmiz başladı.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri və Rusiyanın Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.
O dönəm xalq olaraq qarışıq duyğular içərisindəydik. Bir tərəfdən qorxub, narahat olub, digər tərəfdən fərəhlənib, sevinc göz yaşlarına boğulurduq. Elə bir dönəm idi ki, hər birimiz bir yumruq kimi birləşib, eyni anda eyni hissləri keçirirdik. Necə deyərlər, bir ağlayıb, bir gülürdük. İllərlə hər bayram və xoş günlərdə dilimizdə olan "gələn bayramı Qarabağda qeyd edək" duası artıq qəbul olmuşdu. Hər bir rayonun azad olma xəbəri elan oldunduqdan sonra uşaqdan böyüyə hər kəs bir nəfər kimi "Qarabağ Azərbaycandır" deyib, küçələrə axın edirdi. Bu sevinc və fəxr duyğusunu bizə bəxş edən vətən uğrunda döyüşərək, canlarından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq.
Qeyd edək ki, Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, mindən çox əsgər və zabit yaralanıb, 7 nəfər itkin düşüb. Əlbəttə ki, bu gün də onlar unudulmur, paytaxt sakinləri İkinci Fəxri Xiyabana gələrək şəhidlərimizi yad ediblər.
İkinci Fəxri Xiyabandan görüntüləri təqdim edirik:
Günel Məlikzadə
News24.az