Səhnəyə yol "yataqdan keçir?" - Aktrisadan ŞOK AÇIQLAMA
    • Dünən, 23:58
    • 255

Səhnəyə yol "yataqdan keçir?" - Aktrisadan ŞOK AÇIQLAMA

«Bilirsiniz, bu gün çəkilən seriallar, kinolar özəl sektorun məhsuludur. Kimin pulu varsa, sponsor tapırsa, çəkir, bu zaman da rejissor kimə istəsə ona da ekran işində rol verir…»

News24.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa Nəzakət Məmmədovanın gənc rejissorların yeni serial və filmlərə öz məşuqələrini çəkdiyilə bağlı iddialarına münasibət bildirən N.Allahverdiyeva bu gün rejissorların kimi istəyərsə, onu da filminə çəkdiyini qeyd edib:

«Bəlkə rejissorların məndən xoşu gəlmir? Yaxud məni həmin rolda görə bilmirlər.

Sözün düzü, mən özüm peşəkarlarla işləmək istəyirəm. Düzdür, bu gün bizim gənc, peşəkar rejissorlarımız da var. Mən istəyərdim ki, onların filmlərində, seriallarında çəkilim. Amma həm qonorar, həm də ssenari qane etmir. Mükəmməl ssenarist olmaq üçün məktəb keçmək lazımdır. Bu gün bir çoxu bu məktəbi keçməyib, amma çalışırlar ki, pul qazanmaq üçün nə isə etsin. Hərə bir yolu tutub gedir. Bu gün o qədər peşəkar olmayan həkimlər, psixoloqlar var ki… Qeyri-peşəkar insanlar hər sahədə var. Kim necə bacarırsa, çulunu sudan çıxarır». 

Xalq artisti gənclərə bəzi tövsiyələr də verib:

«Bizim peşəkar rejissorlarımız var ki, illərdir bu sahədədirlər, amma hamısı çəkilib kənara. Bir zamanlar bizi əsl peşəkarlar filmlərinə dəvət edirdilər, çəkirdilər. İndi isə adam mat-məəttəl qalır. Yaş da gedir, çalışıb filmlərə, seriallara çəkilməlisən, insanlar da hər məni görəndə bunu sual edirlər ki, niyə filmlərdə, seriallarda çəkilmirsiniz? Artıq nə cavab verəcəyimi belə bilmirəm.

Hərdən fikirləşirəm ki, kaş pulum olardı, ya bir sponsor tapaydım, mən də serial çəkdirərdim, məndən sonra yadigar kimi qalardı. Amma sponsoru hardan tapım? İndi kim sponsor tapırsa, istədiyi serialı, filmi çəkir, rolları da istədiyi adamlara verir. Zorla rejissorlara deyə bilmərəm ki, məni çəkin. Mən ancaq küsə bilərəm. Mən və mənim kimi bir çox həmkarlarım çəkilib oturmuşuq qıraqda.

O qədər peşəkar aktyor, aktrisalarımız var ki. Nə qədər eyni adamları çəkmək olar, çevir tatı, vur tatı… Mən rejissorlara məsləhət görərdim ki, arada kənara da baxsınlar, başqa aktyor, aktrisalar da var, onlarla da işləsinlər. Nə isə çəkəndə peşəkarları dəvət etmək, onlardan məsləhət almaq lazımdır. Gənclər professionalları dəvət edib onların da fikirlərini öyrənsələr daha yaxşı olar. O ki, qaldı bizə, çəksələr də sağ olsunlar, çəkməsələr də».