Azərbaycanın yeni hədəfləri: 2026-cı ildən sonra...
    • 13-11-2024, 14:13
    • 845

Azərbaycanın yeni hədəfləri: 2026-cı ildən sonra...

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası öz işinə başlayıb.  Bütövlükdə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edirdi ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. 

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatına potensial faydaları mövzusunda danışarkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir.

"Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir.

Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir və digər tərəfdən ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəfləri var. Bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda, Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. Belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır", - deyə o əlavə edib.

COP29-un Bakıda təşkilinin iqtisadi dividentlərinə gəldikdə isə deputat qeyd edib ki, COP turizm və xidmət sektorunun gəlirliyini artırmaqla yanaşı həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir, çünki bu praktik olaraq, həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də bu ölkəmiz üçün birmənalı şəkildə yeni sərmayələr və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq:

"Nəzərə alsaq ki, Azərbaycan Prezidenti yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək.

Qeyd edək ki, bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 QVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 QVt həcmində qiymətləndirilir".

Ağa Dadaşzadə
News24.az