-
- 13-11-2024, 17:21
- 1 078
Azərbaycanlı fəal ermənilərin müdafiəsində - Azərbaycan əleyhinə aksiyaya qatıldı
Aropanın və Qərbin bəzi dairələri uzun müddətdir ki, Azərbaycanın mötəbər COP29 tədbirinə ev sahibliyi etməsinə görə qərəzli və qarayaxma kampaniyası həyata keçirir.
Bu sözləri News24.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
S.Kərimli bildirib ki, qarayaxma kampaniyasına bəzi azərbaycanlı yaramaz qüvvələr də qoşulub.
“Məqsəd Azərbaycanın humanist və xoşməramlı missiyasını ləkələmək, onu gözdən salmaq, Azərbaycana qarşı düşmənçilik, ədalətsiz mövqeyini ortaya qoymaqdan ibarətdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Qərbin və Avropanın bəzi dairələrinin çirkin əməlləri tək Azərbaycana qarşı yox, eyni zamanda, Cənubi Qafqazda yerləşən başqa ölkələrə də qarşı keçirilir. Məsələn, bu günlərdə COP29 çərçivəsində qarayaxma kampaniyası, Gürcüstanda bəzi dairələrin etiraz aksiyasına qoşulması da bir mərkəzdən idarə olunur və qəbuledilməzdir. Azərbaycan dövləti dəfələrlə bu istiqamətdə ciddi və ədalətli mövqeyini ortaya qoyub. Bu gün dünyanın bəzi dairələrinin çirkin və qərəzli mövqeyindən asılı olmayaraq, Azərbaycan COP29 tədbirinə mükəmməl şəkildə ev sahibliyi edir. Bütün dünyanın gözü hazırda Azərbaycana yönəlib və ölkəmizin xoşməramlı niyyəti, beynəlxalq ekologiya və iqlim problemlərinə verdiyi töhfə əvəzedilməzdir", - deyə o vurğulayıb.
Politoloq onu da təsssüf hissi ilə qeyd edib ki, qarayaxma kampaniyasına bəzi azərbaycanlı yaramaz qüvvələr də qoşulub.
"Vəfa Nağı adlı ictimai fəal da bu cür çıxışlara qoşulub. Bundan başqa, son günlər "Azadlıq" radiosunun da gözdən salmaq, ləkələmək siyasətini həyata keçirdiyini görürük. Bundan başqa, bəzi fəallar da təxribatçı işlərlə məşğuldurlar. Bunlar bir mərkəzdən, Qərb və Avropanın bəzi dairələri tərəfindən idarə olunur. Onu da bilirik ki, bunların yaramaz fəaliyyətlərinin heç bir faydası olmayacaq”.
Qeyd edək ki, isveçli iqlim fəalı Qreta Tunberq Bakıda keçirilən BMT-nin İqlim Konfransına (COP29) qarşı dünən Tbilisinin Azadlıq meydanında etiraz aksiyası keçirib.
Aksiyada gürcü və ermənilərlə yanaşı, azərbaycanlı ictimai fəal Vəfa Nağı da olub.
Vəfa Nağı yalnız "Azərbaycan COP29-u saxta yaşıl gündəm altında təsir dairəsini möhkəmləndirmək, nəzarətini gücləndirmək və regional gərginliyi artırmaq üçün istifadə edir" deyən Qreta Tunberqlə deyil, ermənilərlə də həmrəylik nümayiş etdirib. O, sözügedən aksiyada "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırıb.
Qeyd edək ki, Vəfa Nağı Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd olub. O, seçki kampaniyası zamanı qalmaqalları ilə gündəmə gəlib.
Ağa Dadaşzadə
News24.az