-
- 14-11-2024, 21:24
- 1 105
“Qara Cümə” Azərbaycanda: Yəni həqiqətən endirimlər olacaq?
Hər il noyabr ayının son Cümə günü ABŞ-da “Qara Cümə” (“Black Friday”) adlı endirim kampaniyası keçirilir və satış mərkəzlərində alıcı əlindən iynə atmağa yer olmur. Azərbaycanda da bu təcrübəni tətbiq edən mağaza və onlayn platformalar var.
News24.az xəbər verir ki, iqtisadçı Fuad İbrahimov “Qara Cümə” endirimləri ilə bağlı “Yeni Sabah”a danışıb:
“Azərbaycanda keçirilən “Qara Cümə” ilə ABŞ-da keçirilən eyniadlı kampaniyanın heç bir əlaqəsi yoxdur. Sadəcə, adından istifadə edirlər. Ticarətin strukturu buna imkan vermir. Çünki satışdakı məhsulların əksəriyyəti idxal olunmuş məhsullardır. Dəyəri də öz üzərindədir.
Əgər sözügedən endirim qida məhsullarına tətbiq olunmur. Heç bir ticarət şəbəkəsi ziyanla üzləşmək fikrində deyil. Amma alıcıları cəlb etməkdən ötrü müəyyən qiymət yaratma üçün müxtəlif fəndlərdən istifadə edilir. Ona görə də sözügedən kampaniyada məhsulların 80-90 faiz endirimlə verilməsi halları yoxdur. Sadəcə qiymət fəndləri sayəsində layihənin adında istifadə edərək belə bir gün təyin edirlər. Məqsəd alıcıları cəlb etmək, satışları aktiv hala gətirməkdir”.
İqtisadçı Xalid Kərimli isə “Qara Cümə” ilə bağlı bir sıra tövsiyələr verib:
“Qiymət ucuzluğuna görə alış-veriş etmək səmərəsizdir. Alıcı özünə lazım olan əşyanın qiymətini bilir və müqayisə edə bilir ki, “Qara Cümə”də həmin qiymət nə qədərdir. Mağazalar bu prosesə reklam kimi yanaşırlar, yəni müştəri cəlb edilsin.
Ən çox endirim olunan mallar nisbətən az satılan və mövsümü başa çatanlar olur. Yeni modellər gələcək deyə, vitrinləri boşaltmağa çalışırlar. Hər bir mağaza öz marketinq strategiyalarına görə alıcılar endirim təqdim edir. Eləsi var ki, ziyanına da olsa, kampaniyaya qoşulur. İnsanlara tövsiyə edərdim ki, özlərinə lazım olan məhsulların sentyabr-oktyabr qiymətləri ilə müqayisə və bu nisbəti nəzərə alaraq alış-veriş etsinlər”.