Uşaqlar niyə cinayət törədir? - Hakim səbəbləri açıqladı
    • Bu gün, 17:26
    • 49

Uşaqlar niyə cinayət törədir? - Hakim səbəbləri açıqladı

"Bu gün yetkinlik yaşına çatmayan şəxslər tərəfindən cinayət hadisələrinin törədilməsi halllarına təəssüf ki, tez-tez rast gəlinir. Oğurluq, adam öldürmə, sağlamlığa zərər vurma, narkotik vasitələrin istifadəsi və satışında iştirak kimi cinayət əməlləri daha çox yayılıb".

Bunu Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova Milli.Az-a bildirib. Hakim hesab edir ki, bu cinayətlərin artmasında səbəb həm də valideyn nəzarətsizliyidir:

"Çünki 14-18 yaş arası həssas dönəmdir. Yetkinlik yaşına çatmayanlar bir çox hallarda diqqətdən kənarda qalır, başqalarının təsirinə düşərək bu əməlləri törədirlər. Bu dövrdə valideynlər övladlarına diqqət göstərməli, kifayət qədər maraqlanmalıdır. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxslər arasında maarifləndirmə işinin aparılmasına da ehtiyac var. Onların əksəriyyəti öz məsuliyyətlərini dərk etmirlər. Elələri var ki, törətdiyi əməlin cinayət olduğunun belə fərqində olmurlar. Ya da hər hansı cinayəti törədərkən elə hesab edirlər ki, yaşı az olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmayacaq, məsuliyyətdən kənarda qalacaqlar. Ona görə də məktəblərdə hüquqşünasların, psixoloqların iştirakı ilə maarifləndirmə işləri aparılmalı, yetkinlik yaşına çatmayan şəxslər hüquq və vəzifələri, məsuliyyətləri izah olunmalıdır".