“Həmin gün mənə dedilər ki…” – Mərhum Xalq artistinin köməkçisindən ETİRAFLAR + FOTO
    • Bu gün, 10:45
    • 679

“Həmin gün mənə dedilər ki…” – Mərhum Xalq artistinin köməkçisindən ETİRAFLAR + FOTO

“İlhamə xanımın insanlığından, şəxsiyyətindən danışmaq lazımdır. Efirdə çıxıb ağızlarını Allah yoluna qoyurlar. Ruhunu niyə incidirsiz? Mal-dövlətini, qır-qızılını sadalayırlar. Özləri öz aralarında pay bölə bilmirlər. Bir-birilərinə acıq verirlər. Onun mənə nə aidiyyatı var? Xahiş edirəm belə mövzularda mənim adımı hallandırmasınlar. Kasıbçılığımı yaşayan insanam. Kiməsə nə isə pay çatmayıbsa başlayır bu mövzunu yenidən gündəmə gətirməyə. Mən gedib pay bölgüsü etməliyəm? Cənazə ortada qala-qala başında təkcə mən oturub ağlamışam. Evində kameralar da var idi, inanmırsınızsa açıb baxın. İlhamə xanım mənim qollarımda dünyasını dəyişib”.

Bunu Medianews.az-a açıqlamasında mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva deyib.

O, Xalq artistinin evində uzun müddət köməkçi işlədiyini diqqətə çatdırıb: “İlhamə xanımın seyfi var idi və həmişə onun üstünə paltar yığırdı. Deyirdi ki, ora dəyməyin, heç kəs əlini vurmasın. Fikirləşirdim ki, yəqin geyimləri əzilməsin deyə belə deyir. Çünki İlhamə xanım səliqəli qadın idi. O seyfi də açdılar, bölüşdürdülər. Həmin gün mənə dedilər ki, sən daha oturma, çıx get, sabah gəlmə. Dedim ki, mən yasa gəlirəm, başqa heç nə üçün gəlmirəm. Yəqin ki, məni özlərinə yaraşdırmadılar. Mən İlhamə xanımın məzarı başında gedib ağlayıram. Həqiqətən də onu çox istəmişəm (ağlayır). Hələ də telefonumda onun şəkilləri, mahnıları var. Çünki o qadın mənə hörmət edirdi, çox istəyirdi. Onun fanatı olmuşam. Yaxşı kı, onun yanında olmaq mənə qismət oldu”.

Fatma Əliyeva deyir ki, Xalq artisti İlhamə Quliyevanın sağlığında yanına çox az adam gəlib: “Mən düz adamam, İlhamə xanımın yanında təkcə Əli Mirəliyevin qızı Samirə xanım olurdu. Onun yaralarını sarıyıb gedirdi. Mən Allah tərəfi danışıram. İlhamə xanım yatağa düşəndə ona necə qulluq etdiyimi bir Allah bilir. Əlimdən, alnımdan öpürdü ki, heç kim mənə belə baxmazdı sən baxdın. Ona elə bağlanmışdım ki.. Bu gün mən kirayədə qalıram, bir adam mənə əl tutmadı. Biri demədi ki, gəl heç olmasa sənin kirayə pulunu verim. İlhamə xanım dünyasını dəyişməsəydi çox şey olacaqdı. Hətta bankla da danışmışdı. O var-dövlətdən Orxana da nə isə qalmalı idi. Ondan acıqlı olsa da oğlu idi. Orxandan xəbərim yoxdur. Bir dəfə təsadüfən televizoru açdım, gördüm ki, öz doğma anası onu axtarır. O uşağın taleyi də gətirmədi. Həqiqətən də çox pis oldum”.