-
- Dünən, 22:13
- 181
Aliment artırılır - Boşanmalar da çoxalacaq? - AÇIQLAMA
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
Belə ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.
Bəs, minimum alimentin artırılması ailələr arasında münasibətə necə təsir edəcək? Bu, boşanmaların azalmasına və ya artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, ümumi əməkhaqqının artırılması minumum aliment məbləğinin də artması məsələsini qaçılmaz edir:
"Bunun təbii ki müəyyən təsirləri olacaq. Əsasən də iqtisadi təsrləri. “Azərbaycanda ailə bağları hər zaman maddi dəyərlərdən daha önəmli olub. İstisna deyil ki, alimentin artması bəzi hallarda - münaqişəli vəziyyətdə olan ailələrin daha sürətlə - nikahın pozulmasına da səbəb ola bilər. Ancaq ümumi mənzərəyə baxsaq, boşanmaların sayının bu səbəbdən artacağını düşünmürəm. Alimentin minumum məbləği artırılıb, amma uşağın böyüdülməsi daha böyük xərclər tələb edən məsələdir. Ona görə də düşünmürəm ki, alimentin artması nikahın pozulmasına ciddi təsir edəcək”.
Əliməmməd Nuriyev Aliment Fondunun yaradılmasının zəruriliyindən də danışıb:
“Bütün hallarda uşağın qayğısına qalmaq valideynin bir nömrəli vəzifəsidir. Həmçinin uşaqlara diqqətin göstərilməsi dövlətin də əsas öhdəliklərindən biridir. Konstitusiyanın tələb etdiyi normaya uyğun olaraq Aliment Fondunun yaradılmasını çox vacib hesab edirəm. Bəzi hallarda şəxslər müxtəlif səbəblərdən alimentdən boyun qaçıraraq, valideyn öhdəliyindən yayınırlar. Bu da uşağın ehtiyaclarının ödənilməsində problem yaradır. Uşaq eyni zamanda dövlətin dəyəri və sərvətidir. Ailə nə qədər möhkəm olsa, dövlət də o qədər inkişaf etmiş olacaq. Ailə problemləri, maddi ehtiyacların ödənilməməsi uşağın şəxsiyyətinin formalaşmasına, dövlətin gələcək rifahına mənfi təsir göstərə bilər. Bu səbəbdən, valideyni alimet ödəməkdən boyun qaçıran uşaqların ehtiyaclarını ödəmək üçün belə bir fondun yaradılması önəmli məsələdir. Bu, həmçinin alimentdən yayınan şəxslərə qarşı ciddi tədbirlərin görülməsinə şərait yaradacaq”.
“Ölkədə alimentlərin verilməsində ənənəvi yanaşmalar var”, - deyən İctimai Şura sədri qeyd edib ki, boşanan ailələrdə 99 faiz alimenti kişi ödəyir.
"Uşaq atanın himayəsində olduqda isə çox vaxt qarşı tərəfdən aliment tələb edilmir. Təbii ki, bunun müəyyən səbəbləri var, sosial, iqtisadi faktorlar, streotipləşmiş düşüncələr və sair. Ancaq getdikcə bu cür məsələlərin də qarşısı alınmalıdır. Uşaqlar məhkəmənin qərarı ilə 90% hallarda ananın himayəsinə verilir. Bu da ənənəvi baxışdır. Biz düşünürük ki, analar uşaqlara daha yaxşı baxır və ya atalar uşaqlara qarşı şiddət göstərir. Ancaq bu tip düşüncələr özünü həmişə praktikada doğrultmur. Məhkəmələr bu cür məsələlərə hər ailənin vəziyyətini diqqətlə təhlil edərək qərar verməlidir".
Ə.Nuriyevin sözlərinə görə, boşanmalar zamanı yaranan ən böyük problemlərdən biri himayədar tərəfin uşağı digər tərəfə göstərmək istəməməsidir.
"Bu da uşaqların tərbiyəsinə əksər vaxt ciddi mənfi təsir göstərir. Uşağın ata və ya ana ilə görüşməsini o zaman məhdudlaşdırmaq olar ki, həmin valideynin həyat tərzi övladına zərər vura bilər, digər hallarda valideynlərdən birinin uşaqların tərbiyəsində iştirak etməməsi gələcəkdə ciddi problemlər yarada bilir”- deyə o, qeyd edib.