Azərbaycan polisinin 101 illiyinə həsr olunmuş yarışlar keçirilib - FOTO
    • 3-07-2019, 16:38
    • 1 016

Azərbaycan polisinin 101 illiyinə həsr olunmuş yarışlar keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə idman tədbirləri keçirilib.


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.


Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına, o cümlədən idmançı əməkdaşlara diqqət və qayğısını xüsusilə vurğulayıb.


Daha sonra çıxış edən İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. İlk Avropa və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də ayrı-ayrı idman növləri üzrə dünya, Avropa çempionatlarının, Qran-Pri yarışlarının, mötəbər turnirlərin ölkəmizdə keçirilməsini bunun ən gözəl nümunəsi olduğunu deyib.


Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev və Olimpiya çempionu Lyudmila Şubina idmançılara uğurlar arzulayıblar.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov  bildirdi kiİdmanın və Olimpiya Hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.


Silsilə tədbirlər çərçivəsində iyunun 22-də keçirilən cüdo yarışında müxtəlif yaş qruplarında və çəki dərəcələri üzrə 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

İyulun 1-də isə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında növbəti birincilik keçirilib. Birincilikdə müxtəlif çəki dərəcələri üzrə 100-dən çox  idmançı öz gücünü sınayıb.


Tədbirlərin sonuncu günü - iyulun 2-də boks üzrə yeniyetmələr və gənclər arasında birincilik keçirilib. Yarışda 5 komandadan müxtəlif çəki dərəcələri üzrə 100-dən çox idmançı baş mükafat uğrunda mübarizəyə qatılıb.


Sonda qaliblərə diplom və medallar təqdim olunub.