Onlayn nikahlar evlənənlərin sayını ARTIRACAQ?
    • Bu gün, 20:44
    • 81

Onlayn nikahlar evlənənlərin sayını ARTIRACAQ?

Xəbər verildiyi kimi vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.

Bu yeniliyin nikahların sayına necə təsir göstərəcəyi isə maraqlı məqamdır. Çünki bildiyimiz kimi, Azərbaycanda nikahların sayında azalma müşahidə olunur.

Belə ki, bu ilin yanvar-sentyabr aylarının göstəricilərinə əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.

Bəs elektron nikahlardan sonra bu göstəricilər necə dəyişəcək?

Bizim.Media məsələylə bağlı vəkil Babək Həmidovun fikirlərini öyrənib.

Müsahibimizin sözlərinə görə rəsmi nikah sadəcə elektron formada həyata keçirilsə, bu, nikahların artmasına yox, azalmasına səbəb ola bilər:

O, fikrini belə əsaslandırıb:

“Hesab edirəm ki, rəsmi nikaha daxil olmaq həm ənənəvi, həm də elektron qaydada qalmalıdır. Çünki  elektron qaydada müraciət edə bilənlər olsa da, bunun üçün elektron imza, informasiya texnologiyalarından istifadə bacarığı tələb olunur. Bu sahədə regionlarda maarifləndirmə işləri aparılmasa, bu formada rəsmi nikahların qeydə alınmasında çətinlik yarana bilər”.

“Elektron nikahların sadələşdirilməsi nikaha daxil olmaları artıracaq”.

Vəkil elektron nikahların daha əlçatan olmasının hansı nəticələrinin olacağını da açıqlayıb:

“Gələcəkdə elektron qaydada müraciətlər adət halına çevrildikdən, vətəndaşlar üçün əlçatan olduqdan, onlar elektron imzayla tam təmin edildikdən sonra prosedurun tam sadələşdirilmiş halı olacaq. Bir müddət elektron qaydada rəsmi nikahların qeydə alınması təcrübədə realizə edildikdən sonra vətəndaşlar üçün daha rahat formaya çevriləcək. Bu artıq rəsmi nikahların qeydə alınmasını asanlaşdıracaq, nikahların sayı artacaq. Bu, məsələnin müsbət tərəfidir”.

Nikahların elektronlaşdırılması vətəndaşlarda belə bir sual yaradıb ki, görəsən, onlayn boşanmaq da ola bilərmi?

Babək Həmidov nəzərə çatdırıb ki, nikahların pozulmasının elektron qaydada müraciəti məhkəmələr tərəfindən artıq 3 ildir tətbiq olunur.

“Elektron Məhkəmə Sistemi sayəsində tərəflər nikahların pozulmasıyla bağlı elektron formada müraciət edə bilirlər. Düzdür, məhkəmə iclasları əyani formada həyata keçirilməyə davam edir. Hazırlıq və baxış iclaslarında tərəflərin özlərinin, nümayəndələrin və yaxud vəkillərin iştirakıyla keçirilir. Ancaq bununla belə, məhkəməyə müraciət artıq 3 ilə yaxındır ki tam, rəsmi şəkildə elektronlaşdırılıb”.