“Veteran pulu” 150 manat olacaq? - Deputatdan AÇIQLAMA
    • Bu gün, 16:54
    • 1 384

“Veteran pulu” 150 manat olacaq? - Deputatdan AÇIQLAMA

İnsanlar Azərbaycanda veteranlara maddi yardım üçün verilən məbləğin azlığından şikayətlənir.

Bəs veteran pulu ölkədəki inflyasiya və artan yaşayış xərclərini nəzərə alaraq yenidən hesablanacaqmı?

News24.az xəbər verir ki, millət vəkili Fazil Mustafa “İNFOAZ.WS”-ə bu mövzunun Milli Məclisin büdcə müzakirələrində, komitə iclasında müzakirə olunduğunu bildirib:

“80 manat indiki inflyasiya şərtlərində çox aşağı məbləğdir. Bu kateqoriyadan olan şəxslərin də əksəriyyətinin həm psixoloji, həm də fiziki travma almış insanlar olduğunu bilirik. Bəzən deyirlər ki, saxta sənədlər istifadə edən və veteran adı daşıyan şəxslər də var. Hazırda bu şəxsləri dövlət aşkar edə bilir. Sırf buna görə həqiqətən müharibədə əziyyət çəkən şəxsləri nəzərdən qoymaq olmaz”.

Həmçinin millət vəkili bildirib ki, bu məbləğ ən azı 120-150 manat olmalıdır ki, bu kateqoriyada olan şəxslər müəyyən şərtlər daxilində həyatlarını ən azı minimum səviyyədə davam etdirə bilsinlər.

"Bu mövzu dəfələrlə müzakirə olunub və dövlətin nəzərindədir. Yəqin ki, qısa zaman ərzində bu barədə qərar qəbul olunacaq", - deyə o, fikirlərini yekunlaşdırıb.