Mərkəzi Bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR?
    • 28-11-2024, 16:11
    • 561

Mərkəzi Bankın yeni QƏRARI GÜNDƏMDƏ: Vətəndaşlar nə ƏLDƏ EDƏCƏKLƏR?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiq edib.

AMB-nin sədri Taleh Kazımovun imzaladığı yeni qərara əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb.

BOKT-lər üçün nizamnamə kapitalının artırılması nəyə hesablanıb? Burada əsas məqsəd vətəndaşları, yoxsa bankları qorumaqdır?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılması risklərin sığortalanması və eyni zamanda, bu sahədə etibarlılığın gücləndirilməsi məqsədini daşıyır:

"Nəzərə alsaq ki, əvvəlki dövrlər üçün nizamnamə kapitalının məbləği yüksək deyildi, bu da ona gətirib çıxarır ki, xeyli sayda BOKT formalaşırdı, amma onların ümumi kredit portfelində payı çox deyildi. Nəticə etibarilə həmin təşkilatlar bir sıra hallarda kifayət qədər yüksək faizlə kredit təklif edirdilər ki, bu da təbii olaraq, vətəndaşlarımızın borclanmasına, daha sonra həmin borc kreditlərinin geri qaytarılmasında çətinliklərin müşahidə olunmasına gətirib çıxarırdı.

Ona görə yeni qaydalar birmənalı şəkildə həm risklərin sığortalanması, həm də bu sahədə rəqabətin gücləndirilməsi məqsədi daşıyır. Çünki nəticə etibarilə həm də BOKT-lər üçün sektorun payının artırılması və ümumi kredit portfelində payının çoxaldılması aspektindən də vacib hesab olunur.

BOKT-lər banklara nisbətən daha yüksək faizlə kreditlər təklif etdiklərindən bu faizlərin optimallaşdırılmasına və azaldılmasına ehtiyac var. Ümumiyyətlə, burada, təbii ki, həm kredit resurslarından səmərəli istifadə olunması, həm də yüksəkfaizli borclanmanın qarşısının alınması məqsədi də var".

Ekspert hesab edir ki, yeni qərarın məqsədi bankları qorumaq deyil:

"Ona görə deyil ki, BOKT-lər banklarla rəqabət apara bilmirlər. Banklarla müqayisədə BOKT-lərin ümumi kredit portfelində payı kifayət qədər kiçikdir və onlar bu kontekstdən banklara rəqib hesab olunmurlar. Əslində, yanaşma həm də ondan ibarət olmalıdır ki, BOKT-lər də kredit bazarında rəqabətə təsir göstərə bilsinlər. Çünki indiki halda onların kredit bazarında rəqabətə təsir imkanları məhduddur. Ona görə də mərhələli şəkildə BOKT-lərin də bazarda əsas aktorlardan birinə çevrilməsinə ehtiyac var, - deyə ekspert vurğulayıb.

V.Bayramov qeyd edib ki, hazırda ölkədə 50-dən çox BOKT fəaliyyət göstərir. Onların siyahısı ilə Mərkəzi Bankın saytında tanış olmaq olar.

Nizamnamə kapitalı aşağı olan BOKT-lərin bağlanması ehtimalına gəlincə, iqtisadçı vurğulayıb ki, nizamnamə kapitalını formalaşdıra bilməyən BOKT-lərın fəaliyyəti növbəti mərhələdə, təbii ki, dayandırılır.

"Amma nizamnamə kapitalı elə də çox böyük deyil və nisbətən güclü BOKT-lər onu formalaşdıra biləcəklər. BOKT-lərdə depozit öhdəliyi yoxdur, yalnız kredit öhdəliyidir. Bu isə o deməkdir ki, BOKT bağlanan zaman hansısa vətəndaş qarşısında depozit öhdəliyi olmur. Bağlanacağı halda vətəndaşa bildirilir ki, BOKT-nin müflis olması ilə bağlı hansı qurum məsuldur və vətəndaş kredit borcunu geri ödəməkdə davam edir. Bir daha vurğulamaq istərdim ki, BOKT-də depozit öhdəliyi olmadığı üçün onun vətəndaş qarşısında depozit kontekstində hər hansı bir öhdəliyi yaranmır", - deyə V.Bayramov bildirib.