Bu şəxslərə 800 ev, 600 avtomobil veriləcək - NAZİR
    • 5-07-2019, 15:55
    • 861

Bu şəxslərə 800 ev, 600 avtomobil veriləcək - NAZİR

Bu il şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 800 ev, 600 avtomobil veriləcək.

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müadifəsi naziri Sahil Babayev prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü haqda fikirlərini bildirərkən qeyd edib. Onun sözlərinə görə, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil təqdim edilib: «Cari ildə isə azı daha 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan da 60-ı iyunun 26-da təqdim edilib.

Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 6714 mənzil verilib. Həmçinin müharibə əlillərinə ötən il 265 minik avtomobili verilib. Cari ildə isə həmin kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox - 600-ə yaxın avtomobil verilməsi planlaşdırılır. Artıq 150 avtomobil təqdim edilib. Ümumilikdə, indiyədək sözügedən kateqoriyadan olan şəxslərə 6300-dək avtomobil verilib.

Nazir onu da qeyd edib ki, ölkəmizdə sosial təminat və reabilitasiya sisteminin əhatə dairəsi də xeyli genişlənir: "Bakıda və bölgələrdə yeni reabilitasiya mərkəzləri, sığınacaq kompleksləri, sosial əhəmiyyətli digər yeni müəssisələr yaradılır. Bu sırada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin tikilməsini, Reabilitasiya mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndirlməsini və infrastrukturunun təkmilləşdirilməsini, Respublika Əlillərin Bərpa və Uşaq Bərpa mərkəzlərində, digər bərpa və sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılmasını göstərmək olar. İlin sonunacan yeni bərpa və sosial xidmət mərkəzlərinin açılışı, həmçinin ayrı-ayrı regionlarda yeni reabilitasiya müəssisələrinin tikintisinə başlanması nəzərdə tutulur".