Daha 50 ailəyə MƏNZİL VERİLDİ
    • 20-11-2019, 12:14
    • 782

Daha 50 ailəyə MƏNZİL VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı da xüsusi yer tutur.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib.

V.Nəsirli qeyd edib ki, bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir. Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib. Təqdim edilən mənzillərdə, fərdi yaşayış evlərində müasir şərait yaradılıb və qarşıdakı dövrdə də mənzillə təminat proqramı uğurla davam etdiriləcək.

Nazir müavini onu da bildirib ki, 2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427  avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Tədbirdə qeyd edilib ki, sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü  təsis olunub.

Mənzillərlə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə böyük qayğısının daha bir təzahürü kimi, müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərin onlara təqdim edilməsindən sevinc hissi keçirdiklərini vurğulayıblar. Onlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.