-
- 2-12-2024, 10:14
- 136
Gürcüstanda gərginlik artır – Baş nazir prezidentin istefasını tələb etdi
Gürcüstanın paytaxtı Tbilisidə hökumətin Avropa İttifaqı (Aİ) ilə danışıqları 4 il müddətinə dayandırmaq qərarına etiraz aksiyaları dördüncü gecədir ki, davam edir. Rustaveli küçəsinə toplaşan nümayişçilər atəşfəşanlıq atıb və polislə toqquşublar.
News24.az xəbər verir ki, polis təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edərək etirazçıları parlament binasından opera binasına doğru geri çəkilməyə məcbur edib.
Xatırladaq ki, etirazlar cümə axşamı baş nazir İrakli Kobaxidzenin Aİ danışıqlarının dondurulduğunu elan etməsindən sonra başlayıb. Küçələrə çıxan minlərlə insan danışıqların dayandırılması qərarını “diktatorun Rusiyayönümlü qərarı” kimi qiymətləndirib.
Nümayişlər Qara dəniz sahilindəki Poti limanına gedən yolların bağlanmasına səbəb olub. Xaşuri kimi şəhərlərdə hakim “Gürcü Arzusu” partiyasının yerli ofislərinin qarşısında etirazlar olub. Etirazçılar bəzi ofislərə daxil olublar.
Tbilisidə baş verən hadisələrdə 113 polis əməkdaşının yaralandığı açıqlanıb. Nümayişçilərdən neçəsinin saxlanıldığı açıqlanmayıb. Müxalifət nümayişlərdə iştirakını artırmaq üçün vətəndaşları iş yerlərindən məzuniyyətə çıxmağa çağırıb.
Prezident Salome Zurabişvili ötən ay keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edərək, seçkilərin ləğvi üçün Konstitusiya Məhkəməsinə təzyiq göstərməyə çağırıb.
Zurabişvili deyib ki, hökumət Avrointeqrasiya prosesindən uzaqlaşaraq ölkənin demokratik dəyərlərini riskə atıb. Yenidən ölkənin baş naziri seçilən İrakli Kobaxidze bildirib ki, prezidenti vəzifədən azad etmək lazımdır.
Avropa Birliyinin Xarici Siyasət rəhbəri Kaja Kallas da nümayişçiləri dəstəkləyərək, “Biz gürcü xalqının Avropanın gələcəyi üçün etdiyi seçimin yanındayıq” deyib.
Rusiya hadisələri diqqətlə izləyir. Keçmiş prezident Dmitri Medvedev Gürcüstanda “hökuməti devirmək cəhdinin” olduğunu bəyan edərək, “Gürcüstan sürətlə Ukraynanın yolu ilə gedir və qaranlıq uçuruma sürüklənir” deyib.
Hələlik Kremldən rəsmi açıqlama verilməyib. Rusiya Qərbi keçmiş Sovet ölkələrində inqilabları qızışdırmaqda ittiham edir.
“Gürcü Arzusu” hökuməti danışıqları dondurmaq qərarını ölkənin suverenliyini xarici müdaxilələrdən qorumaq cəhdi kimi müdafiə edib.
Lakin etirazçılar hökumətin Qərblə münasibətləri kəsməklə Rusiyanın təsir dairəsinə qayıtdığını iddia edirlər. Hökumət LGBT hüquqlarını məhdudlaşdıran "xarici təsir agentləri" qanunu və qaydaları ilə də tənqidlərə səbəb olub.
Aİ və ABŞ Gürcüstanın Qərbə inteqrasiya məqsədindən uzaqlaşmasından narahat olduqlarını bəyan ediblər. Avropa İttifaqına namizəd ölkə olan Gürcüstana NATO-ya üzvlük vəd edilib.
Aynurə