-
- Bu gün, 02:07
- 88
Bu içkilər bizi ölümə necə aparır
İçərisində şəkər olan bəzi süni içəcəklər və bəzi energetik içkilər orqanizm üçün zərərlidir.
Müasir dövrdə insan orqanizmi üçün zərərli bir çox qidalar mövcuddur və insanlar bu qidaların sağlamlığa ciddi zərərinin fərqinə varmadan gündəlik istifadəsinə böyük maraq göstərirlər. Araşdırmalar sübut edir ki, bu gün ürək-damar, onkoloji və digər bir çox xəstəliklərin kəskin şəkildə artmasının səbəbi məhz bəzi qidalardır. Odur ki, mütəxəssislər orqanizmi müxtəlif zərərlərdən qorumaq üçün bəzi qidaların qəbul edilməməsini tövsiyə edirlər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov İqtisadiyyat.az-a açıqlamasında orqanizm üçün zərərləri içkilərdən danışıb.
O hesab edir ki, bəzi içkilər ən ağır xəstəliklərin yaranmasına belə gətirib çıxara bilir.
Tanınmış həkimin sözlərinə görə, bu gün dünyada insanlar üzərində aparılan tədiqatlar onu göstərir ki, içərisində şəkər olan süni içəcəklərin, xüsusilə “Coca-cola”, “Pepsi”, “Fanta”, “Sprite” və bu qəbildən olan digər energetik içəcəklərin uzun müddət istifadəsi birmənalı olaraq metabolik sindrom deyilən, əslində ürək-qan dövranı sistemində bütün xəstəliklərin, o cümlədən şəkərli diabet, yüksək təzyiq və onkoloji xəstəliklərin yaranmasına səbəb olur:
“Bununla yanaşı energetik içkilərin içərisində yuxarıda qeyd edilən xüsusiyyətlərlə yanaşı kofeyinin və xüsusi stimulantların miqdarı səbəbindən sinir sistemi xəstəlikləri, asılılıq və bir çox problemlər əmələ gəlir. Ona görə də dünyada bu içkilərin mümkün qədər az istifadə olunması tövsiyə olunur. Hətta tibbi tərəfdən birmənalı şəkildə içəcək olaraq sadə sudan istifadə olunması məsləhət görülür”.
Komitə sədrinin müavini məhz bu səbəbdən insanlara müraciət edərək deyib: “Son zamanlarda dünyada dəyişən iqlim, dəyişən həyat tərzinə görə yaranan bir çox xəstəliklərin, xüsusilə ürək-qan sistemi və onkoloji xəstəliklərin artmasını nəzərə alaraq cəmiyyətin hər bir üzvünə sağlam qidalardan istifadə etmələri, belə içəcəklərdən birmənalı olaraq uzaq durmaları tövsiyə olunur”.