-
- Bu gün, 10:49
- 147
Cənubi Koreyada hərbi vəziyyət cəmi 5 saat çəkdi – Ağ Evdən reaksiya
ABŞ hakimiyyəti Cənubi Koreya Milli Assambleyasının (Parlament) hərbi vəziyyətin ləğvinə səs verməsi və Cənubi Koreya prezidenti Yun Sok Yolun əvvəllər tətbiq etdiyi hərbi vəziyyətin ləğvi barədə qərarından razıdır.
News24.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi “Anadolu” agentliyinə bildirib.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ və Cənubi Koreya arasında müttəfiqlik demokratiya prinsiplərinə əsaslanır və Vaşinqton hadisələri izləməyə davam edəcək.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
Dövlət başçısının hərbi vəziyyət haqqında fərmanı da parlamentin fəaliyyətinin dayandırılmasını nəzərdə tuturdu. Cənubi Koreya prezidenti televiziya ilə vətəndaşlara müraciətində deyib. “Mən Şimali Koreya tərəfdarı qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edirəm”, - deyə o bildirib.
Prezidentin sözlərinə görə, hərbi vəziyyətin tətbiqi “xalqın azadlığını və təhlükəsizliyini” təmin edəcək, həmçinin ölkəni “anti-dövlət qüvvələrin” hərəkətlərindən qoruyacaq qaçılmaz tədbirdir.
Yon Sok Yol daha sonra parlamentdə səsvermədən sonra tətbiq etdiyi hərbi vəziyyətin ləğvinə razılıq verib. Ölkədə hərbi vəziyyət təxminən beş saat davam edib.
Yonhap xəbər agentliyinin məlumatına görə, parlament hərbi vəziyyətin ləğvinə yekdilliklə səs verib. Hərbçilər öz dislokasiya yerlərinə qayıdıblar.
Müxalifət ölkədə heç bir münaqişə və böhran olmadığını və korrupsiyada ittiham olunan prezidentin qərarına impiçment təkliflərinin təsir etdiyini bildirib.
Cənubi Koreya konstitusiyasının 77-ci maddəsinə əsasən, prezident “müharibə, silahlı qarşıdurma, milli fövqəladə vəziyyət və ya ictimai təhlükəsizliyə və asayişə təhlükə yarandıqda” hərbi vəziyyət elan edə bilər.
Cənubi Koreya tarixində sonuncu “hərbi vəziyyət” qərarı 1979-1981-ci illərdə baş vermiş hərbi çevriliş nəticəsində həyata keçirilib. Rejim 440 gün davam edib və hərbçilər tərəfindən ləğv edilib.
Dekabrın 3-də Cənubi Koreyada “hərbi vəziyyət”in tətbiqi qərarı ölkə tarixində 13-cü hərbi vəziyyət elan edilib.
Aynurə