Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
    • 7-07-2019, 10:39
    • 772

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. 


DİM-dən News24.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.


İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent isə III qrup üzrə imtahan verir.


Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və 3 saat davam edəcək.


İmtahandan dərhal sonra – saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.