Suriyanın taleyini dəyişəcək şəhərdə nələr baş verir? – Dəməşqdən əvvəlki son qala
    • 5-12-2024, 11:15
    • 111

Suriyanın taleyini dəyişəcək şəhərdə nələr baş verir? – Dəməşqdən əvvəlki son qala

Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyat keçirən, Hələb və İdlibdən sonra Tel Rıfatı tamamilə ələ keçirən silahlı müxalif qruplar Həmada nəzarəti ələ keçirmək üzrədir.

News24.az xəbər verir ki, prosesin əvvəlində müxalifət çox böyük müqavimətlə üzləşməsə də, Əsədin Dəməşqdən əvvəl son qala olaraq gördüyü Həmada döyüş şiddətlənib. 

Noyabrın 27-də Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar Hələb, İdlib və Tel Rıfatdan sonra Həmada da nəzarəti ələ keçirməyə çox yaxındır.

Bəşər Əsəd ordusunu əks-hücum üçün gücləndirmək məqsədi ilə əsgərlərinin maaşlarını 50 faiz artırıb.

Suriyanın mərkəzində strateji mövqedə olan Həmada dünən axşam saatlarından etibarən müxaliflər şəhəri üç tərəfdən mühasirəyə alıb və intensiv toqquşmalar səhərə qədər davam edib. Həmadakı silahlıqarşıdurmanı “əl-Cəzirə” telekanlı son bir neçə gündə baş verən ən mühüm hadisə kimi təsvir edib.

AFP-nin məlumatına görə, Suriya administrasiyasının paytaxtı və güc mərkəzi olan Dəməşqi qorumaq üçün sonuncu qala mənasını verən Həmanı qorumaq həyati əhəmiyyət kəsb edir.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Suriyadakı mənbələr şəbəkəsinə əsaslanaraq bildirib ki, hökumət qüvvələrinin “cənubda Homs istiqamətində yalnız bir çıxışı qalıb”.

Keçən həftə başlayan hücumdan sonra müxalifətin uğurlarının açarı on ildən artıq davam edən müharibədə heç vaxt hökumətin əlindən tamamilə düşməyən Hələbin ələ keçirilməsi olub. 

“Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd əl-Cəlani dünən Hələbin simvolik qalasını ziyarət edib. Müxalifətin “Telegram” kanalında yayımlanan görüntülərdə Celeni tarixi qalaya səfər edərkən üstü açıq avtomobildən tərəfdarlarına əl yelləyərkən görüntülənib.

Noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib. Noyabrın 28-də Hələbin qərb çölündən mərkəzə doğru sürətlə irəliləyən rejim əleyhdarı silahlı qruplar noyabrın 30-da mərkəzin böyük hissəsini ələ keçirib.

Noyabrın 30-da Xan Şeyxun bölgəsini ələ keçirərək bütün İdlibə nəzarəti ələ keçirən silahlı qruplar Həma əyalətində toqquşaraq irəliləyişlərini davam etdirirlər. Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb ətrafında PKK/YPG terror təşkilatına qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrorçulardan azad edilib.

Aynurə