Suriya müxalifətinin lideri ilk dəfə mətbuata danışdı
    • 7-12-2024, 09:48
    • 195

Suriya müxalifətinin lideri ilk dəfə mətbuata danışdı

“Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani ABŞ-ın CNN xəbər agentliyinə müsahibə verib.

News24.az xəbər verir ki, Qolani Hümsün ələ keçirilməsindən sonra ilk dəfə danışıb.

Suriya rejiminin prezidenti Bəşər Əsəd isə susur.

Qolani CNN-ə müsahibəsində HTŞ-nin məqsədinin Əsəd rejiminə son qoymaq olduğunu bildirib. “İnqilabın məqsədi bu rejimi devirməkdir. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək bizim haqqımızdır”, Qolani deyib.

Qolani Əsəd rejiminin süqutunun onun daxilindəki daimi problemlərdən qaynaqlandığını bildirib: “İranlılar rejimi dirçəltməyə çalışaraq Əsəd üçün vaxt qazandılar. Sonradan ruslar da dəstək verdi. Amma həqiqət budur ki, bu rejim ölüb”.

Suriyadakı müxalif qüvvələr müxtəlif ideologiyalara malik olsalar da, Əsəd rejimini devirmək kimi ortaq məqsəd ətrafında birləşiblər.

Qeyd edək ki, ABŞ Qolaninin başına 10 milyon dollar mükafat qoyub. Qolani CNN-ə verdiyi müsahibədə HTŞ-nin "terror təşkilatı etiketinə" qarşı çıxıb və bunun "siyasi və eyni zamanda yanlış" olduğunu iddia edib.

HTŞ-nin nəzarətində olan Suriyada həyatın necə olacağı ilə bağlı sualı cavablandıran Qolani müxaliflərin iqtidarında mülki vətəndaşların qorxacağı bir şeyin olmadığını bildirib. 

İnsan haqları qrupları və yerli müşahidəçilər HTŞ-in müxaliflərə qarşı repressiyasından narahat olduqlarını bildiriblər. İddialara görə, HTŞ etirazları vəhşicəsinə yatırıb, müxaliflərə işgəncə verib.

Qolani bu cür hadisələrin onun əmri ilə baş vermədiyini deyərək, “bu işə cavabdeh olanların məsuliyyət daşıdığını” bildirib.

Qolani müsahibənin sonunda xarici qüvvələrin Suriyadan çıxması lazım olduğunu bildirib: “Bu rejim yıxıldıqda problem həll olunacaq və xarici qüvvələrin Suriyada qalmasına ehtiyac qalmayacaq”.

Aynurə