-
- Dünən, 22:34
- 72
İstanbula gedənlər üçün: yemək, qalmaq, gəzmək qiymətləri - Xəritə kimi yazı
Payız-qış mövsümündə, xüsusilə də təyyarə biletlərinin endirimli olduğu günlərdə azərbaycanlıların səyahət üçün üstünlük verdiyi şəhərlərdən biri də İstanbuldur.
Biz - 2 nəfər səyahətə 5 günlük yollanmışdıq.
Hotellərin və təyyarə biletlərinin qiyməti aldığınız tarixdən asılı olaraq dəyişdiyindən konkret söz demək mümkün deyil. Dəniz mövsümü olmadığından qış turizmində əksər hotellərin qiymət paketinə yalnız səhər yeməyi daxildir. Çünki günün qalan saatlarında turistlər tarixi yerləri və s. gəzmək üçün şəhərdə olurlar. Yəni günorta və axşam yeməyini İstanbun küçələrində yeməli olacaqsınız. Büdcə formalaşdırarkən bunu nəzərə alıb.
Əgər şəhərin digər yerlərində bir porsiya sup 75 lirədirsə (3. 70 manat), turistik ərazilərdə minimum qiymət 100 lirədən yuxarıdır.
Qalacağınız ünvan olaraq Sirkeciler, Sultanahmet ideal bölgə ola bilər. Çünki gəzməli tarixi yerlərin çoxu bu ərazidə yerləşir. Eyni zamanda həmin ərazidə tramvay da olduğundan istədiyiniz yerə onunla gedə bilərsiniz və daha sonra metro ilə davam edə bilərsiniz.
İstanbul daxilində gəmi, tramvay, metro və avtobusların hamısına “İstanbulkart”la minə bilərsiniz. Ödəmə aparatları bir çox yerlərdə mövcuddur. Məsafədən asılı olaraq qiymətlər dəyişə bilər. Siz xarici vətəndaş olduğunuz üçün bütün nəqliyyat növlərində tam bilet qiyməti ödəməli olacaqsınız. Minimum qiymət isə 20 lirədir (1 manat).
Nəqliyyatın qiyməti Azərbaycanla müqayisədə baha görünsə də, turist taksiyə minmədən ictimai nəqliyyatla istədiyi yerə çata bilər. Bu baxımdan sərfəli və əlçatan hesab etmək olar.
Əgər Türkiyəyə getməzdən əvvəl lirə almamısınızsa, Azərbaycana məxsus bank kartları ilə nəqliyyatda, restoranda və ya istənilən ictimai iaşə obyektlərində rahatlıqla ödəniş edə bilərsiniz. Sadəcə maraqlanmaq lazımdır ki, müştərisi olduğunuz bank lirəni hansı məzənnə ilə hesablayır. Yəni bu zaman bir qədər çox ödəniş etmiş ola bilərsiniz.
Bundan əlavə, İstanbulda ən yaxşı cəhətlərdən biri odur ki, əgər lirəniz bitibsə, yəni əlinizdə nağd pul yoxdursa, “görəsən, burada POS terminal olarmı?” sualı sizi narahat etməsin. Demək olar, ən kiçik obyektlərdə, köşklərdə belə, terminal tapmaq mümkündür. Yəni öz ölkənizdə kartdan-karta sistemini yığışdırmaq üçün cərimələr və yoxlamalar tətbiq olunduğu halda İstanbulda ən kiçik məkanda belə, kartla rahatlıqla ödəniş edə bilərsiniz.
Digər üstün cəhətlərdən biri də yeraltı sanitar qovşaqlarda ödənişin nağd yox, “İstanbulkart”la olmasıdır. İstanbulun bütün ərazilərində belədir, ya yox, onu dəqiq bilmirəm.
Digər tərəfdən metro və yeraltı ayaqyolular “engelli”, yəni əllillər üçün əlçatandır. Bizim gördüyümüz bütün stansiyalarda qatar paltformalarında əlillərin və uşaq arabası ilə olanların rahat aşağı düşə bilməsi üçün liftlər var idi.
Bəyəndiyim yaxşı cəhətlərdən biri də ictimai nəqliyyat növlərinin hamısında növbəti stansiyanın anons edilməsidir. Eynilə metroda olduğu kimi. Yəni əgər avtobusa minmisinizsə, “birdən dayanacağı ötüb keçərəm” kimi qayğınız olmasın. Bütün dayanacaqlarda anons verilir. Eyni zamanda, avtobus bütün dayanacaqlarda saxlamır. Əgər düşmək istəyirinizsə, mütləq düyməyə sıxmalısınız. Düşən yoxdursa, sürücü dayanacaqda saxlamır. Amma bizdə də olduğu kimi, bəzi avtobuslar 40 dəqiqə, tıxac vaxtı isə 1 saat intervalla işləyir.
Tramvay və metro isə daha rahatdır. Bütün nəqliyyat növlərində boğaz mənzərəsini görmək şansınız var.
Bir qədər tarixi yerlər barədə
İstanbulda görməli yerlər deyəndə ilk ağıla gələnlər Qalata qülləsi, Topqapı sarayı, Ayasofiya və Sultanahmet məscidləri, Dolmabahçe sarayı, Yerebatan Sarnıcı, Bizans hipodromu, Gülhanə parkı və Kapalıçarşıdır.
Bilməlisiniz ki, tarixi yelərə giriş qiymətləri yerli turistlərdən kəskin fərqlənir. Tələbə, yaşlı və əlillər üçün fərqli qiymət tarifləri olduğundan girişdə mütləq sizdən sənəd tələb olunur. Əgər yerli vətəndaşlar bu muzeylərdə bir nəfər üçün 150-250 lirə (8-13 manat) aralığında ödəniş edirsə, xaricilər üçün qiymətlər 900-1800 (45-85 manat) lirə təşkil edir.
Yerebatan Sarnıcı
Vaxtilə su ehtiyatlarının toplandığı, hazırda muzeyə çevrilmiş tarixi yerdir. Rəngli işıqlandırması, tarixi sütunları ilə göz oxşayır. Bir nəfər üçün gündüz qiyməti 900 lirəyə bərabərdir. Axşam tarifi isə təxminən 2 dəfə bahadır.
Topqapı sarayı (Osmanlı sultanlarının iqamətgahı XV-XIX əsrlər)
Topqapı sarayı çox böyük olduğundan gəzmək üçün azı 4 saat vaxt tələb olunur. Burada eksponatlar və s. ilə yanaşı, sultanların otaqları, hərəm və s. yerləşir. Bir nəfər üçün bilet qiyməti 1700 lirədir (84 manat).
Saray çox böyük olduğundan turistlər gəzdikcə yorulur. Bunun üçün ərazidə sanitar qovşaq, namaz qılmaq və oturub dincəlmək üçün yerlər təşkil edilib. Saray daxilində kafe də fəaliyyət göstərir. Saray daxilində olduğunuz tarixi otaqlar haqqında məlumat almaq üçün pulsuz audio bələdçi də verilir. Əvvəlcə hansı dildə məlumat almaq istədiyinizi deyirsiniz, o dildə məlumat yüklənir, daha sonra isə olduğunuz otaqların kodlarını daxil edərək hansı məqsədlə istifadə edildiyini səsli olaraq öyrənə bilərsiniz.
Dolmabahçe sarayı (Osmanlı XIX-XX əsrlər)
Böyüklüyü və dəbdəbəsi ilə göz oxşayır. Bir nəfər üçün bilet 1050 lirədir (52 AZN). O qədər böyükdür ki, bütün saraya baxmaq üçün azı 5 saat vaxt lazımdır. Saray daxilində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün qaldığı otaq da nümayiş olunur. Saray saat 5-ə kimi fəaliyyət göstərir. Daxildə kafe də var. Bilməlisiniz ki, saray daxilində foto və video çəkilişi qadağandır. Yəni siz saraya foto çəkdirmək üçün gedirsinizsə, heç əziyyət çəkməyin. Yalnız həyətdə foto çəkdirməyə icazə verilir.
(Fotolar gizli çəkilib)
Topqapı sarayı və Yerebatan Sarnıcı daxilində isə foto və video çəkilişinə hər hansı bir məhdudiyyət qoyulmayıb.
Onu da nəzərinizə çatdıraq ki, İstanbulda gəzməli yerləri görmək üçün 5 gün kifayət etmir. Soyuq aylarda bəzən havanın yağıntılı olması, gəzintiyə mane ola bilir.
Təəssüf ki, Sultanahmet və Ayasofiya kimi tarixi abidələri gəzməyə vaxtımız çatmadı.
Kapalıçarşıya, Gülhanə parkına və Sultanahmet məscidinə giriş pulsuzdur. Ayasofiyaya bilet qiyməti isə 25 avro (təx. 45 AZN) təşkil edir.
Vaxt itirmək istəmirsinizsə, getmək istədiyiniz muzeylərin hansı günlərdə və hansı saatlarda açıq olduğunu mütləq öyrənin. Məsələn, Dolmabahçe sarayı bazar ertəsi, Topqapı sarayı çərşənbə axşamı günləri qapalıdır.
İstanbul böyük şəhər olduğundan səfərə gələn xarici turistlərin sayı çoxdur. Bundan əlavə, bu şəhərdə yaşayan xaricilərin də sayı çoxluq təşkil edir. Buna görə də, ünvan soruşmaq istəsəniz, yerli adam tapmaq və ya şəhərin hər yerini bilən biri ilə rastlaşmaq ehtimalınız azdır.
Nəqliyyat sistemi bizimlə müqayisədə xeyli mürəkkəbdir. Ona görə də turist olaraq “maps.me” proqramından istifadə edərək şəhəri, istiqamətləri, düşəcəyiniz dayanacaqları və s. rahatlıqla öyrənə bilərsiniz. Proqram şəhəri əlçatan edir və internetsiz işləyir.
Boğaz mənzərəli restoranlarda balıq yemək istəsəniz bilin ki, qiymətlər adi restoranlarla müqayisədə xeyli yüksəkdir.
Bir də xoş olmasa da, qaldığınız ərazidə görünüşcə normal geyimli şəxslərin sizə yaxınlaşaraq bahalı restoranlardan ona yemək almağınızı və ya “mall”larda 30 manatlıq koftanı sizə uzadaraq “bunu mənim üçün alın” deyən insanlarla da rastlaşa bilərsiniz.
Bütün bu əraziləri 5 gün gəzmək üçün 2 nəfərə (otel və aviabilet qiymətləri də daxil olmaqla) minimum 2500-3000 manat büdcə lazımdır. Gedəcəyiniz yerlərin sayı daha çox olacaqsa və alış-veriş də etmək istəyirsinizsə, büdcənizi daha yüksək tutmalısınız./olke.az/