-
- 12-12-2024, 14:58
- 179
Sağlam qidalanmaq üçün buna nəzarət edilməlidir
Artıq çəkidən xilas olmağın müxtəlif yolları var. Müxtəlif tərkibli dərmanlar qəbul edərək həmin prosesi tezləşdirməyə çalışanlar da var. Diyetoloqların dediyinə görə, həmin yolla artıq çəkidən azad olmaq mümkün olsa da, sonradan orqanizmdə bir sıra fəsadlar yaranır. Bunlar əsasən allergiya, təngnəfəslik və boğulma hallarıdır.
Orqanizmdə baş verə biləcək ən kiçik mənfi dəyişiklik sinir sistemi və həzm prosesi başda olmaqla bir çox orqanların işində pozulmalara səbəb ola bilər. Həyat keyfiyyətinə mənfi təsir göstərən xəstəliklərin əsasını təşkil edən artıq çəki mütləq müalicə tələb edir.
News24.az xəbər verir ki, həkim-diyetoloq Sevinc Həsənzadənin dediyinə görə, bunun üçün həkim tövsiyəsi ilə düzgün şəkildə pəhriz saxlamaq vacibdir. Çoxlarının acqalma kimi qəbul etdiyi pəhriz əslində özündə sağlam qidalanmanı ehtiva edir. Onun qənaətinə əsasən ən vacib şərtlərdən biri isə yuxu rejiminə düzgün riayət etməkdir: “Karbohidratlarla zəngin qidalar orqanizmi tox saxlayır. İkinci dərəcəli karbohidratlar hesab olunan qidalar qarabaşaq, bulğur, sıyıq, düyü çörəyin əvəzediciləri sayılır. Əslində daha çox zülal tərkibli - kəsmik, süd, yumurtanın ağı kimi qidalar, həmçinin meyvə qəbul etmək lazımdır. Sağlam qidalanmaq üçün həm də gündəlik kalori miqdarına nəzarət edilməlidir”.
Hazırda Ramazan ayı olduğundan bəzi adamlar oruc tutaraq arıqlayacaqlarına inanırlar. Əslində isə bu, belə deyil. Oruc tutmaq nəfsə qalib gəlməklə bərabər orqanizmin sağlam qalmasına da kömək edir. “Çalışmaq lazımdır ki, iftar zamanı qidalanmada karbohidrat kifayət qədər az olsun. Qida rasionunun 75 faizi tərəvəzlərdən ibarət olmalıdır. Lakin onun yanında toyuq, ət, balıq kimi tez həzm olunan məhsullar da ola bilər. Lakin axşamlar mal ətinin yeyilməsi məsləhət deyil, çünki çox gec həzm olur və onun həzm edilməsi üçün orqanizm böyük enerji sərf edir. Yaxşı olar ki, yarım qab sulu yemək və bol salat, qarnir olaraq isə qarabaşaq, bulğur kimi qidalardan bir neçə qaşıq istifadə edilsin”, - deyə həkim-diyetoloq bildirib.
Həyat hərəkət üzərində qurulub. Sadəcə aktiv həyat tərzinə keçmək və sağlam qidalanmaqla həm ruha, həm bədənə sağlamlıq və gözəllik bəxş etmək mümkündür.