Lerik--Zərdəbərə avtomobil yolu yenidən qurulur - FOTOLAR
    • 10-07-2019, 11:25
    • 1 782

Lerik--Zərdəbərə avtomobil yolu yenidən qurulur - FOTOLAR

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam etdirilir. Bu cür layihələrdən biri də Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) News24.az-a verilən məlumata görə, Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu 21 km uzunluğa malik,torpaq və çınqıl örtüklü idi. Əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar və çökmələr əmələ gəlmiş, yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə düşmüşdür. Artıq bu problem geridə qalır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bəzi ərazilərdə yatağın genişləndirilməsi işləri görülür. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir.

Bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min paqon-metr uzunluğunda küvetlərin açılması və müxtəlif diametrlərə malik 264 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası aparılır. Yolu profilə salmaq məqsədi ilə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülür.

Texnoloji ardıcıllığa uyğun olaraq, sadalanan işlərin ardınca yol əsasının tikintisi işləri aparılacaq, daha sonar yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Ümumilikdə layihə çərçivəsində tikinti işləri 200 min kv.m sahəni əhatə edir.

Layihənin sonuncu mərhələsində yol boyu 69 ədəd yol nişanı və məlumatverici lövhə, 42 ədəd km göstəricisi, 320 ədəd siqnal dirəyi quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Yerli əhəmiyyətli Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərə yaxın əhalinin yaşadığı 4 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolunun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, iqtisadiyyatın inkişaf səviyyəsini göstərir.