-
- Bu gün, 12:41
- 186
Çörəyi belə yemək olmaz
Çörəyi isti-isti, bişəndən dərhal sonra yeməyi sevənlər çoxdur. Lakin həkimlər diqqətli olmağı tövsiyə edirlər, çünki vaxtaşırı isti çörək yemək həzm prosesinin ləngiməsinə, piylənməyə aparıb çıxarır. İsti çörəyin mədədə gec parçalanması kökəlməklə yanaşı mədə xəstəliklərinə, bəzi orqanizm çörəyi tam həzm edə bilmədiyindən şlakların yaranmasına səbəb olur. Buna görə də çörəyi bişdiyi vaxtdan bir neçə saat sonra yemək daha məsləhətlidir.
News24.az xəbər verir ki, həkim-terapevt Nazilə Babayeva deyib: “Çörəyin isti halda yeyilməsi boyat şəkildə yeyilməsindən daha ziyanlıdır, çünki isti halda onun yapışqanlıq xüsusiyyəti daha yüksəkdir. Nəticədə orqanizmdə köp, müxtəlif diskomfort və xoşagəlməz hisslərin yaranmasına səbəb olur. Boyat çörəkdə yapışqanlıq xüsusiyyəti olmadığına görə selikli qişa və mədə-bağırsaq traktı tərəfindən daha yaxşı mənimsənilir, köp və s. kimi risklər yaratmır”.
Mütəxəssislər qara və kəpəkli çörəyin daha xeyirli olduğunu deyir, lakin mədə turşuluğu çox olanlara qara çörək yemək olmaz. Məsələ burasındadır ki, qara çörək mədənin selikli qişasını qıcıqlandırır və daha çox turşuluğun ifraz olunmasına səbəb olur. “Tərkibində kətan toxumları və ya hansısa bitki lifləri, kəpək, çovdar, arpa olan çörəklər orqanizm üçün daha faydalı hesab olunur. Həmin çörəklərin tərkibində bağırsaqların hərəkətini təmin edə biləcək vacib komponentlər var”, - deyə müsahibimiz bildirib.
Çörək və şirniyyat sevənlər nəzərə almalıdırlar ki, un məmulatları qədərindən çox qəbul edildikdə orqanizmə mənfi təsir göstərir, xüsusilə də mədəaltı vəzinin fəaliyyətini zəiflədir. Həkim-terapevt deyib: “Undan hazırlanmış məhsullar karbohidrat mənbəyidir. Onlar bədəndə yüksək qlikemik indeksə səbəb olur, yəni qanda şəkərin səviyyəsini yüksəltmək xüsusiyyətinə malikdirlər. Məhz buna görə də belə tərkibli qida maddələrinin çox miqdarda və uzun müddət, xüsusən də isti formada istehlak olunması orqanizm üçün ziyanlıdır”.
Elə insanlar var ki, çörək yemədən toxluq hiss etmir, çörək yeməsə doymur. Bunu psixoloji hal adlandıran mütəxəssislər çörəkdən daha çox yaşıl meyvə-tərəvəzə üstünlük verməyi məsləhət görürlər.
Həmsöhbətimiz deyib: “Doyma hissi mədə divarlarının genişlənməsi və doyma impulslarının beyinə çatması ilə baş verir. Mədəni çörəklə doldurmaq heç də vacib deyil. Bunu başqa qida məhsulları ilə də kompensasiya etmək mümkündür. Hər qidadan əvvəl müxtəlif tərəvəz salatlarının yeyilməsi həm bağırsaqların işini yaxşılaşdırır, onun hərəkətini təmin edir, həm də doyma hissi yaradır. Un məhsullarının, karbohidratlarla zəngin qida məhsulları qəbul etməkdənsə, tərəvəzli qidalara üstünlük verilməsi və mədədə doyma hissi yaratması daha məqsədəuyğun hesab olunur”.
El arasında “çörək boyatlaşdıqca daha yaxşı olur” ifadəsi təsadüfən işlədilmir, çünki çörək qaldıqca onun rahat həzm olunması üçün tərkibində müəyyən proseslər gedir. İsti çörək soyuduqdan sonra onu dəsmala büküb sərin otaq temperaturunda xüsusi çörək qablarında saxlanılması daha yaxşıdır, çünki isti çörəyin tərkibində olan nəmlik gec buxarlandığından bir neçə saat yumşaqlığını və keyfiyyətini itirmədən qala bilir.\azərtac