Ağadadaş Ağayev həmin mühafizəçinin həbsini tələb etdi - TƏFƏRRÜAT
    • Bu gün, 13:32
    • 113

Ağadadaş Ağayev həmin mühafizəçinin həbsini tələb etdi - TƏFƏRRÜAT

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin adı keçən növbəti məhkəməyə hazırlıq iclası keçirilib.

News24.az xəbər verir ki, hazırkı iş üzrə müttəhim kürsüsünə “MedEra” hospitalının yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilov çıxarılıb.

İclasda Nurəddin Cəlilovla Ağadadaş Ağayevin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra Ağadadaş Ağayevin vəkili Asim Abbasov Nurəddin Cəlilovun həbsinə dair vəsatətlə çıxış edib. Ağadadaş Ağayev vəkilinin verdiyi vəsatətin təmin edilməsini istəyib. Prokuror Nəzər Fərzəliyev vəsatətin təmin olunmamasını xahiş edib. Hakim qısa müşavirədən sonra vəsatəti təmin etməyib. Hazırlıq iclasında iş materiallarının məhkəmə baxışına çıxarılması qərarlaşdırılıb.

Məhkəmə dekabrın 25-də 14.30-da davam etdiriləcək.

Nurəddin Cəlilova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham verilib. Cinayət dosyesi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb. Məlum insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində 1 deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. İlk olaraq tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən, hakim Vüsal Tağıyevin icraatına verilən də məhz Ağadadaş Ağayevin cinayət dosyesi olub. Bu gün baxılacaq cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “oyuncaq” “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova 1 dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Xalq artisti, tanınmış kinorejissor - aktyor Şeyx Əbdül Mahmudbəyov Ağadadaş Ağayevə və Nurəddin Cəlilova müraciət edərək tərəfləri barışığa çağırıb:

“Allahın bir bağışlamaq, tövbə qapısı da var. Ola bilər ki, Ağadadaş əsəbiləşib, qızışdırıblar və ya xalq artisti adına arxayın olub. Gərək belə bir hadisə olmaya idi. O, mühafizəçini balta ilə qovub, balta atıb, o da Ağadadaşın cavabını verib. Bu hadisə olmamalı idi. Olubsa, onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar. Hadisə olur, ölüm-itim baş verir. Adam da ağsaqqalları yığıb gəlir qapısına, deyir lənət şeytana, hadisədir, olub. Barışırlar, məsələ bitir. Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.