Naxçıvana verilən pullar niyə azaldılır?
    • Bu gün, 11:42
    • 119

Naxçıvana verilən pullar niyə azaldılır?

2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə təsdiq olunub. Büdcə layihəsinin ilkin versiyasında gələn il büdcə xərclərinin 320,5 milyon manatının və yaxud 0,8 faizinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşməsi nəzərdə tutulub. 

News24.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 faiz azdır. 

Deputat qeyd edib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 faizi Naxçıvan büdcəsinə verilən dotasiya kimi nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 24,2 faiz azdır. 

"Büdcə layihəsinin yekun sənədində isə dotasiya 34 milyon 816 min manat azaldılaraq, 285 milyon 713 min manat nəzərdə tutuldu.

Son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəb ilə bağlıdır: Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi və ikinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunmasının nəzərdə tutulması", - deyə o əlavə edib.

V.Bayramov bildirib ki, bütövlükdə isə son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması bu bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır:  

"Eyni zamanda, vəsaitlərin xərclənməsində səmərəliyin və şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. O baxımdan bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir. Bu baxımdan, Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək".

Ağa Dadaşzadə