Yumurta qiymətləri nə üçün bahalaşıb? 8-9 qəpik həddindən artıq ucuz idi
    • Dünən, 21:35
    • 232

Yumurta qiymətləri nə üçün bahalaşıb? 8-9 qəpik həddindən artıq ucuz idi

Son günlərdə ölkəmizdə yumurta qiymətləri yenidən dəyişib. Belə ki, yumurta qiymətlərində bahalaşma müşahidə olunur.

Bəs bu qiymət artımı nə ilə bağlıdır? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli açıqlama verib. O bildirib ki, Azərbaycan yumurta tələbatını tam olaraq özü ödəyə bilir:

"Yəni ölkəmizə xaricdən yumurta idxal olunmur. Bizim yumurta istehsalçılarının kifayət qədər potensialı var. Onların gündəlik istehsal gücü 4 milyon ədəddir. Azərbaycanın yumurta tələbatı isə 3 milyon ədəddir. Yəni onlar hər gün ölkənin tələbatından 1 milyon daha çox istehsal gücünə malikdirlər".

Ekspert yumurta qiymətlərinin bahalaşma və ya ucuzlaşma səbəblərindən danışıb:

"İstehsalçılar yumurta satışları aşağı düşəndə qiymətləri endirməyə məcbur olurlar. Çünki yumurtanın xarab olma ehtimalını da nəzərə almaq lazımdır. Tamamilə itkiyə getməmək üçün qiymətləri endirirlər.

Məsələn, bir neçə ay əvvəl 8-9 qəpiyə satılan yumurtaların qiyməti artıq 2 dəfə bahalaşıb. Amma 8-9 qəpik də həddindən artıq ucuzdur. Sırf məcburiyyətin qarşısında qaldıqları üçün bu qiymətə satırdılar". 

Mütəxəssis diqqətə çatdırıb ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır:

"Çox yumurta istehsal edib sata bilməyəndə qiymətləri endirməyə məcbur qalırlar. Satışlar və tələbat yaxşı dolduqda isə qiymətləri qaldırmaq imkanı yaranır. Ümumiyyətlə, təlabat və yumurta istehsalçılarının ehtiyatlarına görə bazarda yumurta qiymətləri zaman-zaman dəyişir"./hit.az/