Dollarla bağlı YENİ QƏRAR
    • Bu gün, 05:50
    • 524

Dollarla bağlı YENİ QƏRAR

Xəbər verdiyimiz kim, "Federal Ehtiyatlar Sistemi" ("FED") faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən 4,50%-ə endirildi.  

FED uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfləməkdədir. Məşğulluq və inflyasiya hədəflərinə çatmaqla bağlı risklərin təxminən tarazlıqda olduğu hesab edilir. İqtisadi mənzərə qeyri-müəyyənliyini qoruyur və Komitə həm məşğulluq, həm də inflyasiya ilə bağlı risklərə diqqət yetirir.  

Bu hədəfləri dəstəkləmək üçün Komitə federal fond dərəcəsi hədəf aralığını 25 baza bəndi azaldaraq 4,50% səviyyəsinə endirmək qərarına gəlib.

Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək

FED-in bu və gələcək üçün elan etdiyi qərarlar qlobal maliyyə bazarında ciddi təşvişə səbəb olub.  

Bəs FED-in bu qərarı nəyə hesablanıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qərar sürpriz deyildi:

“Əsas məsələ FED başqanı Cerom Pavelin çıxışındakı sərtlikdir. Təsadüfi deyil ki, maliyyə bazarları məhz bundan çox narahat oldu. Çünki hamıda belə bir fikir var idi ki, mətbuat konfransında Cerom Pavel, 2025-ci ildə ən azı 4 faiz endiriminə gediləcəyi ilə bağlı anons verəcək. Amma, o çıxışında qeyd etdi ki, 2025-ci ildə ən yaxşı halda 2 dəfə, yəni 8 toplantı olacaq. Onun da yalnız ikisində endirimə gedilə bilər. Bu da qlobal bazarlarda belə bir fikir yaratdı ki, dolların yumşaldılması və yaxud kredit faizlərinin aşağı çəkilməsi prosesi uzanacaq”.

Natiq Cəfərli deyib ki, Trampın “ucuz dollar” istədiyi ilə bağlı gözləntilər var idi:

“Ona görə də növbəti ildə FED faizləri daha tez-tez aşağı salacaq ki, dünya bazarında digər valyutalar qarşısında dolların məzənnəsi aşağı düşsün. Tramp da bunu ona görə istəyirdi ki, dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edəcək. Yəni istehsalla ixracat stimullaşacaq.

Amma bunlar gözləntilər, proqnozlar idi. Lakin bu proqnozlar özünü doğrultmadı. Bununla belə baş verənlər hələ onu deməyə əsas vermir ki, 2025-ci ildə məhz bu addımlar atılacaq. Ola bilsin ki, növbəti ildə FED 2,3 və hətta 4 dəfə faiz endiriminə getsin. Təbii ki, bütün bunlar qlobal trendlərə bağlı məsələdir”.

Bəs, baş verənlər Azərbaycan manatına necə təsir edəcək?

Müsahibimiz bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:

“Bu mənada hazırda dünyada baş verən proseslər manatın məzənnəsinə təsirsizdir. Gələn il manatla bağlı inzibati qaydada hansı qərarlar olacaqsa, biz də onu izləyəcəyik. Bununla yanaşı manatın məzənnəsinin yaxın 6-8 ayda dəyişməsi gözlənilmir. Amma 2025-ci ilin sonlarına yaxın neftin qiymətində kəskin ucuzlaşma baş verərsə və yaxud dollarla bağlı dünyada hansısa dalğalanma olarsa, bu zaman  Mərkəzi Bank və Azərbaycan hökuməti manatın məzənnəsi ilə bağlı müvafiq qərar qəbul edə bilər”.