Azərbaycanın da təmsil olunduğu ikigünlük konfrans başa çatdı
    • 12-07-2019, 20:47
    • 861

Azərbaycanın da təmsil olunduğu ikigünlük konfrans başa çatdı

Batumi şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans iyulun 12-də başa çatıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 11-də başlayan konfransda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, Avropa İttifaqına və "Şərq Tərəfdaşlığı"na üzv olan altı tərəfdaş ölkənin yüksək vəzifəli şəxsləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının və biznes sektorunun nümayəndələri iştirak ediblər.

Azərbaycanı tədbirdə Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edib.

İki gün davam edən konfransda “Şərq tərəfdaşlığı” proqramının nailiyyətləri, 2020-ci ilə qədər əməkdaşlıq planları və cari geosiyasi vəziyyət müzakirə olunub. Bundan başqa, əməkdaşlığın əsas istiqamətlərinə həsr olunmuş tematik sessiyalar təşkil edilib. İştirakçılar əməkdaşlığın gücləndirilməsi üçün və 2020-ci ildən sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə bağlı yeni ideyalar barədə fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları, həmçinin demokratik proseslər, Qara dəniz regionunda təhlükəsizlik və bölgədə davam edən münaqişələr, tərəfdaşların Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə layihələri nəzərdən keçiriblər.

M.Məmməd-Quliyev konfransda və panel iclasda çıxış edərək Azərbaycanın Avropa İttifaqı ilə, eləcə də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığı barədə məlumat verib.