-
- Dünən, 22:29
- 244
Alimlər balinaların əslində neçə il yaşadığını müəyyən etdi
Balinalar təkcə planetdə indiyədək yaşamış ən böyük heyvanlar deyil, həm də uzunömürlülükləri ilə seçilirlər.
News24.az-ın "İflscience" jurnalına istinadən məlumatına görə, yeni bir tədqiqat göstərib ki, cənub balinaları "uzunömürlülük klubu"nun üzvləri olub və onların 130 ildən çox yaşaya biləcəyi müəyyən edilib.
Nəşr yazır ki, bunu təsdiqləmək üçün tədqiqatçılar son 40 ildə aparılmış cənub və şimal-atlantik balinalarının fərdi müşahidə proqramlarından əldə edilən fotoşəkilləri öyrəniblər. Bu məlumatlardan istifadə edərək alimlər populyasiyanın müəyyən yaşlara çatma ehtimalını göstərən "yaşama əyriləri"ni tərtib ediblər.
Araşdırmanın nəticələri göstərib ki, cənub balinalarının orta ömür uzunluğu 73,4 ildir, lakin populyasiyanın 10%-i 131,8 ildən çox yaşaya bilir. Bu isə əvvəlki elmi təsəvvürlərdən demək olar ki, iki dəfə çoxdur, çünki alimlər onların ömrünü 70-80 il olaraq qiymətləndirirdilər.
Lakin şimal-atlantik balinaları üçün vəziyyət o qədər də ürəkaçan deyil: onların orta ömür uzunluğu cəmi 22,3 ildir və populyasiyanın yalnız 10%-i 47,2 ildən çox yaşaya bilir.
Bu iki növ bir-biri ilə yaxın qohum olduğu halda, ömür uzunluğunda belə böyük fərq nədən qaynaqlanır? Araşdırmanın müəllifi Qreq Briddin sözlərinə görə, bu fərq onların bioloji quruluşlarından deyil:
"Onlar əslində daha uzun yaşamalıdırlar. Lakin balıqların ovlanması üçün istifadə olunan torlara dolaşmaq, ya da gəmilərin vurması səbəbindən həyatlarını tez itirirlər. Bundan əlavə, aclıq çəkirlər ki, bu da bizim tam anlamadığımız ekoloji dəyişikliklərlə bağlı ola bilər".
Alimlərin balinaların ömür uzunluğunu indiyədək müəyyən edə bilməməsi isə texnologiya və məlumat çatışmazlığı ilə bağlı idi. 20-ci əsrin ortalarında tələb olunan texnologiya mövcud olsa da, analiz üçün kifayət qədər məlumat yalnız indi toplanıb.
" Biz balinaların yaşını necə müəyyənləşdirəcəyimizi 1955-ci ilə qədər bilmirdik və bu, sənaye balina ovu dövrünün sonunda idi. O vaxta qədər öyrənə biləcəyimiz yaşlı balinalar az qalmışdı. Bu səbəbdən onların uzun yaşamadığı qənaətinə gəlmişdik", deyə Bridd qeyd edib./qaynarinfo