"Rəislər pulları siyahı ilə gətirib mənə verirdilər”
    • Dünən, 22:26
    • 168

"Rəislər pulları siyahı ilə gətirib mənə verirdilər”


Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəmə istintaqı başlayıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham elan edilib.

Polkovnik Cəlilov rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. O, həmçinin 10 nəfərdən rüşvət alaraq onları işlə təmin edib. 

Mirzə Cəlilov ittihama münasibətdə özünü təqsirli bilməyib. 

Sərbəst ifadəsində deyib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları rəisi olduğu xidmət deyil, həkimlər verib: “Mən heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə gətirib mənə verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”. 


Prosesin davamında şahidlərin dindirilməsinə başlanılıb. 


Şahidlər deyiblər ki, Mirzə Cəlilov onlardan birillik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat istəyib. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə çatıb. 

Növbəti proses 10 yanvara təyin edilib.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib. Cəlilov Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.