"Hər şey yaxşı olacaq" deyən stüardessadan xəbər yoxdur
    • Bu gün, 00:11
    • 134

"Hər şey yaxşı olacaq" deyən stüardessadan xəbər yoxdur


"Azərbaycan Hava Yollarından mənə dedilər ki, başınız sağ olsun".

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, bunu qəzaya uğrayan təyyarənin stüardessası Hökumə Əliyevanın atası Cəlil Əliyev jurnalistlərlə açıqlamasında deyib.

O qeyd edib ki, qızı 2016-cı ildən AZAL-da çalışır:

"Qızım 1991-ci ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olub. Ailəlidir, övladı yoxdur. AZAL-dan mənə bildirdilər ki, qızınız həlak olanlar siyahısındadır, amma yaralıların arasında da ola bilər. Qardaşım qızı və oğlum həmin xəstəxana ilə əlaqə saxlayıblar və oradan bildiriblər ki, 2-3 nəfər ağır yaralı var, ola bilər ki, biri də sizin qızınızdır".

Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibov isə qeyd edib ki, bacısının şəklini xəstəxanaya göndərib:

"Bacımın şəklini xəstəxanaya göndərdik. Həkimlər dedi ki, ola bilər oxşasın. Yaralıların üzü tanınmaz haldadır. Tibb bacıları qeyd edirlər ki, onları yaralıların yanına buraxmırlar. Bu da başadüşülən deyil. Oxşayan şəxsin də vəziyyəti olduqca ağırdır. Müalicə davam edir".

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, sosial şəbəkələrdə qəzaya düşən təyyarənin stüardessası H.Əliyevanın səs yazısı yayılıb. Qəzadan az əvvəl çəkilən görüntülərdə Hökumə özü görünmür. O, sərnişinlərə müraciət edərək deyir: "Hər kəs kəmərlərini bağlasın və təlimata uyğun hərəkət etsin. Hər şey yaxşı olacaq".